"Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?

Gündəm / Sosial
Bu gün, 14:36 20

Naxçıvanda avtobuslar kart ödənişinə keçdikdən sonra sərnişinlər fırıldaqla üzləşdiklərini deyirlər. Onlar iddia edirlər ki, gediş haqqı ödənilərkən kartlarından qəsdən artıq pul silinir.
“Gündəlik Naxçıvan”a müraciət edən sakinlərin sözlərinə görə, problem həm nəqliyyat, həm də bank kartları ilə ödəniş zamanı yaşanır. Bəzən ikiqat ödəniş tutulduğunu, bəzi hallarda isə kartdakı pulun bir neçə səfərdən sonra tükəndiyini bildirirlər.
Şikayətçilərdən Qəzənfər Abbasov deyir ki, övladının məktəbə gedib-gəlməsi üçün karta yüklədiyi 10 manat iki səfərdən sonra bitib:
“Kartla ödəniş tətbiq olunduqdan sonra sevindik ki, hər şey rahat olacaq. Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar.
Övladımın məktəbə gedib-gəlməsi üçün ‘BakıKart’a 10 manat yüklədim. Cəmi bir dəfə məktəbə gedib qayıdıb. Növbəti dəfə dərsə gedəndə kartda pul göstərmədiyi üçün evə qayıtmalı olub və dərsə gecikib. İki gedişdən sonra 10 manatın necə bitdiyini başa düşmürəm. Neçə yerə şikayət etmişik xeyri yoxdur. Balansın hara getdiyini izah edən də yoxdur”.
Oxşar problemlə üzləşdiyini deyən digər sərnişin Bəhlul Qarayev isə “CityCard”dan istifadə etdiyini bildirir:
“Üç manata ‘CityCard’ aldım, balansına da ayrıca 10 manat yüklədim. Cəmi üç dəfə avtobusa mindikdən sonra gördüm ki, kartda pul qalmayıb. Bu qədər pulun üç gedişə necə bitdiyini başa düşmürəm. Balansın hara getdiyini izah edən də yoxdur”.
Digər sərnişin Aygün Həsənova isə bank kartından nəzərdə tutulandan artıq gediş haqqı çıxıldığını deyir:
“Avtobusa minəndə maaş kartımdan istifadə edirəm. Çox vaxt 60 qəpik əvəzinə 80 qəpik çıxılır. Bəzən də ikiqat pul silinir. Tutulan məbləği göstərsəm də, sürücülər bunun mümkün olmadığını deyirlər. Tanıdığım başqa sərnişinlər də eyni problemdən şikayətlənirlər. Şikayətlərimizə də baxan yoxdur”.
Şikayətçilər ödənişlərin yoxlanılmasını, artıq tutulan pulların geri qaytarılmasını və problemin səbəbinin açıqlanmasını istəyirlər.
Naxçıvan şəhər avtobuslarında nağdsız ödəniş sistemi bu ilin avqustundan tətbiq olunur.