Müştərinin başına belə oyun açırlar... - GİLEY

Gündəm / Aktual
Bu gün, 10:09 13

"AGNA Quru Təmizləmə ilə yaşadığım hadisəni paylaşmaq istəyirəm ki, digər insanlar da eyni problemlə qarşılaşmasınlar..." Bunu özünün sosial şəbəkə hesabında Səid Mustafazadə adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "31.10.2026 tarixində AGNA-nın Xətai filialına məhsulumu quru təmizləməyə təhvil verdim. Məhsulu götürərkən ilk dəfə ödəniş etdim. Lakin əməkdaş ödənişin sistemə düşmədiyini bildirdi. Mən də belə halların baş verə biləcəyini düşünərək, problem olmadığını və başqa kartla yenidən ödəniş edə biləcəyimi söylədim.
Nəticədə kartımdan iki dəfə ödəniş tutuldu. Bankımla əlaqə saxlayaraq vəziyyəti dəqiqləşdirdim və mənə bildirildi ki, bank tərəfdən heç bir problem yoxdur, hər iki ödəniş uğurla həyata keçirilib. Üstəlik, ilk ödənişin keçmədiyinə dair mənə heç bir qəbz və ya təsdiqedici sənəd təqdim edilməmişdi.
Ertəsi gün filiala yaxınlaşaraq vəziyyəti izah etdim və artıq tutulmuş məbləğin geri qaytarılmasını xahiş etdim. Həmin gün bazar günü olduğundan məsələnin dərhal həll olunmaya biləcəyini anlayışla qarşıladım. Əməkdaş mənə bildirdi ki, bazar ertəsi qaynar xəttə zəng edərək məlumat ala bilərəm və məsələ aidiyyəti şöbəyə yönləndirilib.
03.11.2026 tarixində qaynar xəttə zəng etdim. Lakin mənə heç bir konkret məlumat verilmədi, sadəcə zəng gözləməyim bildirildi. Həmin gün mənimlə heç kim əlaqə saxlamadı.
04.11.2026 tarixində yenidən zəng etdim. Yenə də eyni cavabı aldım: məsələ ilə bağlı əlaqə saxlanılacaq və məlumat veriləcək. Bir neçə saat gözlədikdən sonra özüm yenidən zəng etdim. Bu dəfə isə mənə bildirildi ki, artıq bankıma müraciət olunub və məbləğ kartıma geri qaytarılacaq.
Bu məlumatı dəqiqləşdirmək üçün bankımla əlaqə saxladım. Araşdırma zamanı məlum oldu ki, AGNA tərəfindən bankıma heç bir müraciət edilməyib.
06.11.2026 tarixində AGNA şirkətinin müvafiq şöbəsinin əlaqə nömrəsini taparaq birbaşa onlarla əlaqə saxladım. Təəssüf ki, oradan da təsdiqləndi ki, həmin vaxta qədər bankıma heç bir müraciət göndərilməyib.
Nəhayət, elə həmin tarixdə — 06.11.2026-da mənə ödənişin geri qaytarılması ilə bağlı PAŞA Banka müraciət edildiyi bildirildi və sorğu nömrəsi təqdim olundu.
Lakin bu gün, 13.11.2026 tarixində, artıq 13 gün keçməsinə baxmayaraq, pulum hələ də kartıma geri qaytarılmayıb.
Məni ən çox narahat edən yalnız ikiqat ödənişin tutulması deyil. Əsas problem məsuliyyətsiz yanaşma, dəfələrlə yanlış məlumat verilməsi, müştərinin öz probleminin arxasınca dəfələrlə qaçmağa məcbur qalması və heç bir konkret nəticənin olmamasıdır.
Xidmətin keyfiyyətinə gəldikdə isə, təəssüf ki, məhsulumu da ürəyimcə təmizlənmiş vəziyyətdə təhvil almamışam.
Bir müştəri olaraq gözləntim çox sadə idi: keyfiyyətli xidmət, dürüst münasibət və yaranmış problemin operativ həlli. Təəssüf ki, bunların heç birini tam şəkildə görə bilmədim.
Bu paylaşımı kimisə qaralamaq üçün deyil, öz real təcrübəmi bölüşmək və digər müştəriləri diqqətli olmağa çağırmaq üçün edirəm.
AGNA rəhbərliyindən gözləntim odur ki, bu məsələyə nəhayət ciddi yanaşılsın, artıq tutulmuş məbləğ mənə geri qaytarılsın və müştərilərlə bu cür halların təkrarlanmaması üçün lazımi tədbirlər görülsün.
Müştəri məmnuniyyəti sadəcə reklam şüarı deyil, göstərilən xidmətin və müştəriyə münasibətin nəticəsidir. Təəssüf ki, mənim AGNA ilə təcrübəm bunu təsdiqləmədi..."(Dia-az)