Azərbaycan millisinin məşqçisi: “Canni De Byazi qalmaq istəyirdi”
İdman
22-11-2023, 17:25
2 598
“De Byazinin gedişi mənim üçün sürpriz oldu. Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi”.
Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov baş məşqçi postundan ayrılan Canni De Byazi barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü etiraf edib:
“Üç ilə yaxın bir yerdə çalışdıq. Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.
A.Əsədov həmkarının AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə son matçın ardından azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə də münasibət bildirib:
“De Byazinin dünənki müsahibəsindən belə anlaşılır ki, bütün jurnalistləri nəzərdə tutmur. Ancaq istənilən halda bu cür danışmaq yolverilməzdir”.
O, milliyə yerli baş məşqçinin təyin olunmasının tərəfdarıdır:
“İstənilən yerli məşqçi üçün bu, böyük şərəfdir. Əlbəttə, hamı kimi, mənim üçün də bu, qürur olar. Uzun müddətdir burada olduğum üçün milliyə yaxşı bələdəm. Amma istənilən qərara hörmətlə yanaşacağam”.
Qeyd edək ki, Canni De Byazi 2020-23-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Yığma AVRO-2024-ün seçmə mərhələsində yeddi xalla yer aldığı F qrupunda dördüncü yeri tutub.