"Şeyx Əbdülə deyək ki, get otur evdə?!" - ETİRAZ
Mədəniyyət
25-06-2024, 14:36
6 082
“Mən aktyoram, aktyor ekranda fironluq eylər, işıqları yananda səhnədə ağlayar-gülər”.. Bu sətirlərin müəllifi xalq şairi Vahid Əzizdir.. “Mən aktyoram” başlıqlı əsər əməkdar artist Elza Seyidcahanın ifasında həqiqətən də ən gözəl mahnılardan biridir. Amma nədənsə bu gün aktyorlar yox, bəzi teatr direktorları onların üzərində fironluq edir. Bəli, bəzi! Fironluq o yerə gəlib çatıb ki, sağlam düşüncəli, ağlı başında olan, səhnədə yüksək performans sərgiləyən sənətkarları bir-bir yola salırlar.. Sağlam sənətkar teatrdan çıxarılandan sonra xəstəliyə düçar olur. Bəs görəsən yaş həddi ilə bağlı Milli Məclisdə hansısa qanun, qərar qüvvəyə minib? Həqiqətənmi qocaman aktyor səhnəyə lazım deyil?! Nəzərə alsaq ki, görkəmli sənətkarımız Ağasadıq Gəraybəyli gözləri görmədiyi halda səhnəyə çıxıb, tamaşa oynayıb.. Dünya teatrlarında da bu kimi halların şahidi olmuşuq.. Əlil arabasında sırf onun üçün yazılmış əsərlə tamaşaçılarını salamlayan sənətkarlardan da xəbərimiz var.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa Moderator.az-a açıqlamasında bildirib ki, sənətkarı hansısa bir şəkildə istefaya göndərməzlər.
“Bu bir az mürəkkəb məsələdir. Amma teatrda ştat cədvəlində sənətkarın ömrünün sonuna qədər səhnədə qalması deyə bir qayda da tətbiq oluna bilməz. Başqa bir formada sənətkarın yaşaması sistemi qurulmalıdır və prezident təqaüdü, başqa təqaüd növləri ona təyin olunmalıdır ki, o yaşamını pensiya yaşında, ağır bir şərtlərdə olanda da sürdürə bilsin. Amma müqavilə ilə sənətkarın mütləq səhnədə olmasını təmin etmək lazımdır. Əgər o ifa edə bilirsə, səhnədə yüksək performans göstərə bilirsə bunu heç cür məhdudlaşdırmaq olmaz. Amma bununla belə teatra həm də yeni nəsil gəlməlidir, səhnəyə yeni nəsil çıxmalıdır. Bunlar hansısa şəkildə stimullaşdırılmasa onlar gəlməyəcəklər. Ona görə də direktorlar bəzən bu istiqamətdə qınanılır, amma buna fərqli bir şəkildə baxılmalıdır. Hərhalda bir şeyi də düşünmək lazımdır ki, heç bir direktor öz teatrımın zəifləməsinə maraqlı ola bilməz. Onlar faydalı sənətkarların performasından istifadə etməyə çalışırlar. Ona görə də bu məsələ dəqiq araşdırılmalıdır, ondan sonra qiymət verilməlidir. Sabah da direktorlar teatrın müəyyən keyfiyyətini qaldırma məsələsində bunu əsas götürüb, problemlər yaşadıqlarını ifadə edəcəklər. Ona görə də bizi ilk növbədə teatrın taleyi düşündürməlidir. Bu baxımdan da fikrim odur ki, əməkhaqqı ilə müəyyən məsələləri daha çox yeni kadrların teatra gəlişi istiqamətində çözmək lazımdır. Yaşlaşıb hansısa formada əvvəlki performansı göstərməyən sənətkarlar da müqavilə ilə teatrın fəaliyyətində yer almalıdırlar. Onları da diqqətsiz qoymaq olmaz. Onları qorumaq lazımdır” deyə deputat bildirib.
Fazil Mustafa deyir ki, bu mövzu gələcəkdə Milli Məclisdə müzakirə oluna bilər.
“İndi Milli Məclis artıq fəaliyyətini yekunlaşdırır. Gələcəkdə əlbəttə bu mövzu müzakirə oluna bilər. Hansısa qanunda nəzərdə tutula bilər. Təqdim olunduqdan sonra müzakirə aparıla bilər. Bu yəqin ki, 4-5 aydan sonra olacaq” deyə o bildirib.
Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas isə bidirib ki, heç bir halda yaşından asılı olmayaraq sənətkar teatrdan uzaqlaşdırılmamalıdır.
“Bu mövzu Milli Məclisdə müzakirə olundu və mən də bunun əleyhinə danışdım. Digər həmkarlarım da bu fikrimə dəstək verdilər. Aktyoru yaşa görə işdən çıxarmazlar. Xalq artisti Tariyel Qasımovun 85 yaşı var. Maşallah elə bil cavan oğlandır. Bu qədər teatrda, filmlərdə rollar oynayıb. Ona deyək ki, get otur evdə?! Yaxud da Şeyx Əbdülə deyək ki, get otur evdə?! Pensiya yaşı haqda qanun aktyorlara aid olunmamalıdır. Bu aktyorlar, aktrisalar Mili Məclisə, Cənab prezidentə hamısı bir yerdə müraciət etməlidirlər. Nə qədər ki, müraciət etməyəcəklər bu məsələ həllini tapmayacaq. Müraciət etsələr əlbəttə ki, mövzu Milli Məclisdə müzakirə olunacaq” deyə Aqil Abbas deyib.