Gömrük sisteminin ilginc KADR BAZASI... - SİYAHI
Təhsil / Aktual
6-09-2022, 09:40
284
"Böyük Şərq" saytının baş redaktoru Fərəməz Novruzoğlu son 10 ildə Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan general və polkovnik rütbəli məmurların siyahısını və bu müddət ərzində tutduğu vəzifələr barədə araşdırma aparıb.
Tereqqi.az AzToday.az-a istinadla araşdırmanı ixtisarla təqdim edir:
Əvvəlcə məşhur Nehrəm kəndindən olanlarla tanış olun:
DGK-da NEHRƏMLİ GENERALLARIN SİYAHISI
1). Səfər Məmməd oğlu Mehdiyev – 17 mart 1973-cü ildə Naxçıvan MR, Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə İstiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən 2018-ci ilə qədər DGK-da müxtəlif vəzifələr tutmuş, gömrük xidməti general-polkovniki rütbəsinə qədər yüksəlmiş və 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə DGK sədri vəzifəsinə təyin olunmuşdur;
2). Qulu Novruz oğlu Novruzov – 07 mart 1970-ci ildə Nehrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsindən məzun olub. Amerikanın Vaşinqton Universitetində Hüquq Məktəbi – JFDP (Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat) kursları keçib. Bu proqram çərçivəsində aşağıdakı ixtisas kurslarını bitirmişdir:
– Beynəlxalq təşkilatlar (Hüquq məktəbi);
– Beynəlxalq cinayət hüququ (Hüquq məktəbi);
– İnsan haqlarının beynəlxalq müdafiəsi (Hüquq məktəbi);
– Beynəlxalq münasibətlər (Jackson Beynəlxalq Əlaqələr məktəbi);
– Diplomatik danışıqlar (Jackson Beynəlxalq Əlaqələr məktəbi).
Qulu Novruzov 5 ciddi əsərin müəllifidi. Onlardan “Xarici siyasətdə şəxsiyyətin rolu” xüsusilə diqqət çəkir.
Gömrük xidməti general-mayorudu, 30 oktyabr 2018-ci il tarixdən prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi vəzifəsinə təyin olunub;
3). Əsgər Həsən oğlu Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı. 26 iyul 1963-cü ildə Nehrəm kəndində anadan olub. Ali təhsilini qırmızı diplomla başa vuran Əsgər Abdullayev 1996-cı ildən gömrük sistemində çalışır. 2006-cı ildə prezidentin sərəncamı ilə DGK sədrinin müavini təyin olunur;
4) Məsum Eynalı oğlu Rəsulov – 21 iyun 1974-cü ildə Nehrəm kəndində anadan olub. Gömrük xidməti general-mayoru rütbəsilə DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi vəzifəsini tuturdu. Hal-hazırda cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətiimkan tədbiri seçilib.
DGK-da qeyri-nehrəmli generallar və baş idarə rəisləri
İndi isə son 10-12 ildə DGK-da yüksək vəzifə tutan (baş idarə rəisləri, baş idarə rəislərinin müavinləri, regional gömrük idarələrinin rəisləri və s.) generallar və digər şəxslərin siyahısı ilə tanış olun:
1). Bağırov Şahin Soltan oğlu – 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ilə qədər gömrük sistemində müxtəlif yüksək vəzifələr tutub. Göstərilən tarixdə tutduğu vəzifədən azad edilib. Səfər Mehdiyevin istefaya göndərilməsindən sonra prezidentin sərəncamı ilə DGK sədrinin 1-ci müavini təyin olunub və hazırda sədrin vəzifələrini icra edir, gömrük xidməti general-leytenantıdır;
2). Babayev İqbal Alıcan oğlu – 07 avqust 1964-cü ildə Yardımlı rayonunda anadan olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru. DGK-nın Akademiyası, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsi İqbal Babayev tərəfindən kurasiya edilir. Kiyev İnşaat və Memarlıq Universitetinin məzunudur. Gömrük işiylə bağlı heç bir təhsili yoxdur. Kompyuter avadanlıqları monopoliyası bu şəxsin əlindədi. Hələ 1986–1991 illərdə Kiyevdə kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə “POİSK” şirkətini təsis etmişdi. Məlum gömrük olaylarında DTX tərəfindən saxlanılanda bir çoxları vay-şüvən qoparmış, onu az qala gömrükdəki mələk kimi qələmə verirdi. Ancaq qeyd etdiyim kimi, iri monopolist şirkətləri var, kimsə ondan iznsiz ölkəyə kompyuter avadanlığı gətirə bilməz;
3). Qasımov Cavad Mustafa oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru. 31 may 1967-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun məzunudu, DGK-da işə girdikdən sonra Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb. Gömrük Sərhəd Məntəqələri İşinin Təşkili Baş İdarəsi, “Azərterminalkompleks” Birliyi, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi bakılı balasının birbaşa nəzarətindədir, adı çəkilən bu qurumları məhz o kurasiya edir;
4). Vahabov Mirqasım Fazil oğlu – 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin (hal-hazırda Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi adlanır) rəisi, gömrük xidməti general-mayoru. 23 ildi adı çəkilən idarəyə rəhbərlik edir;
5). Ələkbərov İsmayıl Ağaqulu oğlu – DGK-nın Baş Gömrük Mühafizə Xidməti rəisi, gömrük xidməti general-mayoru. 06 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 50 yaşına qədər fizika müəllimi işləyib. Qəflətən anlayıblar ki, bu fizikdə gömrükçülük qabiliyyəti var və onu DGK-ya işə götürüblər, hətta 67 yaşı olanda Gömrük Akademiyasının rəisi vəzifəsi ona tapşırılıb. 72 yaşında isə Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Uzun müddətdir bütün DGK-nı bu “qoca qurd” mühafizə edir;
6). Xəlilov Təmkin Həsən oğlu – 24 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayorudu. Bu yaxınlarda vəzifəsindən azad edildi;
7) Quliyev Bəhruz Faiq oğlu – 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. Uzun müddət Hava Nəqliyyatında Gömrük Baş İdarəsinin və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi olub, gömrük xidməti general-mayoru. Bu yaxınlarda DGK sədrinin müavini təyin olundu. Bu şəxs haqqında bir müddət öncə ətraflı məlumat paylaşmışam;
8) Xəlilov Ehtiram Səyyaf oğlu (“Yas” Ehtiram) – Göyçay rayonunun Bığır kəndində dünyaya gəlib. Bu yaxınlarda həbs edilib. Həbsinə qədər Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Baş direktoru vəzifəsini daşıyırdı, gömrük xidməti general-mayorudu. Onun haqqında bir neçə yazıda ətraflı məlumat vermişəm;
9). Həsənov Vəzir – əslən Qərbi Azərbaycandandır. DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. Əvvəllər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olub. Gömrük xidməti general-mayorudu. İş adamları Həsən Vəzirovu çox yaxşı tanıyırlar, ondan işi keçən hər iş adamına şərik olur;
10). Eyyubov Həsən Nəbi oğlu – DGK-da Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Sonradan yerdəyişmə yolu ilə Enerji Resursları və Dəbniz Nəqiyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qərbi Azərbaycandandır, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludu;
11). Qədiməliyev Fikrət – Dövlət Gömrük Komitəsi Tibb Xidməti idarəsinin sabiq rəisidi. General rütbəsi daşıyır. Haralı olduğunu bilmirəm, ancaq nehrəmli və naxçıvanlı deyil. Onun adı DGK-da böyük qalmaqallarda hallanıb. Gömrükdən qazandığı pullarla oğlu Emil Qədiməliyev İngiltərədə böyük şirkətlər qurub. Medera Hospital kimi iri tibbi müəssisənin sahiblərindəndir;
12). Abduyev Sadiq – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Gömrük xidməti general-mayorudu. “Dərman mafiyası” qalmaqalına görə, bir neçə il öncə Fikrət Qədiməliyevlə birlikdə gömrük sistemindən uzaqlaşdırılan generallardandır;
13). Qaralov Səməd Əsəd oğlu – 1960-cı ildə Dmanisi rayonunun Ormeşen kəndində anadan olub. Gömrük xidməti polkovnikidi, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsini tutur. Neft və qaz sənayesi mütəxəssisi olsa da, yaxın qohumu Zakir Qaralovun sayəsində gömrük işinə keçib;
14) Şükürov Muxtar Fazil oğlu – Bakı şəhərində anadan olub. Gömrük xidməti polkovnikidi. Əvvəllər məşhur “Abşeron” gömrük postunun rəisi olub. Son iş yeri DGK Katibliyinin rəisi vəzifəsi idi. Bu yaxınlarda vəzifəsindən azad edilərək təqaüdə göndərildi;
15) Əsgərli Bəhruz Hüseyn oğlu – “Abşeron” Gömrük Postunun rəisi vəzifəsini tutur. Gömrük xidməti polkovnikidi. Əslən Gəncədəndir, Bakıda doğulub;
16) Coşqun Əhmədzadə Mübariz oğlu – Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini olub. Əvvəllər Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Hal-hazırda Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutur. Əhməd Əhmədzadənin qardaşı oğludu;
17) Əliyev Fərid Əlibaba oğlu – Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisidi, gömrük xidməti polkovnikidi. 1987-ci ildə Bakıda anadan olub;
18) Güloğlan Muradlı – 1964-cü ildə Şamaxıda anadan olub. Uzun illər gömrük sistemində müxtəlif vəzifələr tutub. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi vəzifəsini tutur. Gömrük xidməti general-mayorudu;
19) Babayev Fərhad Fərrux oğlu – Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisidi. Gömrük Xidməti polkovnikidi, Bakı şəhərində anadan olub;
20) Abdullayev Əjdər Alı oğlu – Dövlət Gömrük Komitəsinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, Gömrük Xidməti polkovniki (Kəlbəcər rayonu);
21) Osmanov İlkin Arzuman oğlu – Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, Gömrük Xidməti Polkovniki (Tiflis şəhəri);
22) İsayev Xəzər Ağaəli oğlu – Dövlət Gömrük Komitəsinin İdman-sağlamlıq Mərkəzinin Baş direktoru, Gömrük Xidməti polkovniki (Ağdaş şəhəri);
23) Məmmədov Ceyhun Yusif oğlu – Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru (Bakı şəhəri)
23) Əliyev Vüqar İsmayıl oğlu – DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, Gömrük Xidməti polkovniki (Bakı şəhəri);
24) Ələsgərov Şahin – Dövlət Gömrük Komitəsi Gömrük Sərhədd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsini tutub. Gömrük xidməti polkovnikidi. Özü Bakı şəhərində anadan olub, atası gəncəli, babası qərbi azərbaycanlıdı. Fuad Ələsgərovun qardaşı oğludu. Bu yaxınlarda vəzifəsindən azad edildi;
25) İbrahimov Təyyar Tapdıq oğlu – Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, Gömrük Xidməti polkovniki (Qərbi Azərbaycanın Krasnoselo rayonu);
26) Muxtarov Sənan Əli oğlu – Dövlət Gömrük Komitəsinin Hüquq Təminat İdarəsinin rəisi, Gömrük Xidməti polkovniki (Bakı şəhəri).
27) Məmmədov Əsgər Nurməmməd oğlu – DGK Katibliyinin rəisi, gömrük xidməti polkovniki. Bakı şəhərində anadan olub
28) İsmayılov Üveysi Ərəstun oğlu – Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki. Gəncəlidi. Mərmər monopoliyası bu şəxsin əlindədi.