“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?

Gündəm / Sosial
Bu gün, 17:51 13

Azərbaycan Dəmir Yolları QSC-nin Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı sistemi çöküb. Biletlərin satışa çıxarılmasından qısa müddət sonra ticket.ady.az platformasına girişdə ciddi problemlər yaranıb.
Bizimesr.com bildirir ki, istifadəçilər sayta daxil olarkən uzun müddət “waiting room” səhifəsində gözlədiklərini, bir çox hallarda isə sistemin ümumiyyətlə açılmadığının şahididirləır. Sosial şəbəkələrdə yayılan çoxsaylı şikayətlərdə sərnişinlər bilet ala bilmədiklərini qeyd edirlər.
Məsələ xüsusilə ona görə diqqət çəkir ki, Bakı–Tbilisi–Bakı reysləri 6 ildən sonra ilk dəfə bərpa olunub. ADY daha əvvəl marşrut üzrə səfərlərin 26 may tarixindən yenidən fəaliyyətə başlayacağını açıqlamışdı. Bilet qiymətlərinin isə 81 manatdan başladığı bildirilmişdi.

Müşahidələr göstərir ki, sistem eyni anda daxil olan istifadəçi axınını idarə edə bilmir.
Hazırda platformada:
səhifələrin gec açılması,
ödəniş mərhələsində donma,
sistemdən atılma,
uzun gözləmə növbələri kimi problemlər davam edir.
Ən diqqətçəkən məqamlardan biri isə sistemin istifadəçiləri avtomatik şəkildə “virtual növbə”yə yönləndirməsidir. Saytda yerləşdirilən bildirişdə qeyd olunur ki, “yüksək trafik sıxlığı” səbəbindən istifadəçi sayı məhdudlaşdırılır və növbə sistemi tətbiq edilir.
Bu isə faktiki olaraq platformanın pik yüklənməyə hazır olmadığını göstərir. Texniki baxımdan “waiting room” sistemi adətən serverin tam çökməsinin qarşısını almaq üçün tətbiq olunur. Yəni sistem bütün istifadəçiləri eyni anda qəbul edə bilmədiyi üçün girişlər süni şəkildə məhdudlaşdırılır.
Əslində müasir bilet satış platformaları normal halda minlərlə paralel istifadəçini idarə edə bilməlidir. Bu səbəbdən ADY sisteminin qısa müddətdə yüklənməsi normal sistemin qurulmadığının bariz nümuniəsidir.
İstifadəçilərin narazılığı fonunda əsas müzakirə mövzularından biri də dövlət qurumlarının rəqəmsal infrastruktura ayırdığı böyük vəsaitlərə baxmayaraq, belə sistemlərin niyə yüklənməyə davam gətirməməsi olub.
Qeyd edək ki, Azərbaycanda dövlət qurumları server, hostinq və rəqəmsal sistemlərin saxlanması üçün hər il milyonlarla manat vəsait xərcləyir. Buna baxmayaraq, ADY-nin bilet satış platformasının bir neçə min paralel giriş zamanı problemlə üzləşməsi böyük suallar yaradır. Bu qədər vəsaitlər hara xərclənib?
Bizimesr.com