"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...

Aktual
Bu gün, 18:28 12


Bir neçə il əvvəl rayonların birində direktorun məktəbdə corab, kalqotka, bir sözlə "шмотка" satdırdığı barədə məlumatlar yayılmışdı. Sonradan deyəsən, bunu bibarıçılıq hesab edib direktoru vəzifəsindən uzaqlaşdırdılar. Məncə heç yaxşı iş görmədilər. Əslində ölkənin bütün məktəblərində belə "xırda biznes"lə məşğul olan direktorlar, müəllimələr var. Hansısa alverçi "müəllimə" direktora yol tapıb, heç olmasa "bakkuş" satır və ya satdırır.

Amma illər keçdikcə vəziyyət düzəlməyə doğru gedir, daha doğrudu, "шмотка" bazarı qızılla əvəzlənir. Bu həqiqətən də uğurdur...

Oxuyuruq ki, Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə qızıl alveri baş alıb gedib. Məktəb sanki Moskva Univermağının bir şöbəsidir, dərs bölgüsü düzgün aparılmır, dərsdənkənar məşğələlərin adı var, özü yoxdur, ayrılan bütün pullar mənimsənilir, ayağı qandallı müəllimin cinayəti gizlədilir, məktəbdə dərsdən başqa hər şey var.

Dərnəklər keçirilmir, şagirdlərin adları var, özləri yoxdur, yalandan yeni sinif açmaq üçün digər siniflərdən şagirdləri yönləndirirlər, siniflər arendaya verilir. Təranə müəllim qızıl alveri ilə Natəvan xanımın satıcılığını edir, Natəvan xanım isə şəxsi mülkünü daha da genişləndirir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qızıl şəbəkəsi yaradır və sairə ilaxır...

Bu məlumatda adı çəkilən nə Təranə müəllimənin, nə də satıcılıq edə Natəvanın uğurudur. Bu əslində elm və təhsil naziri Emin Əmrullayevlə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun uğudur

Deməli, təhsil sistemi inkişaf edib. Balaca "corab biznesi" "шмотка" biznesinə, indi isə artıq daha böyük müstəviyə – "qızıl biznesi"nə yüksəlib.

Bəli, bu inkişafdır.

Kalqotka, corab, tuman, şalvar satılan məktəblər qızıla keçibsə, deməli inkişaf var. Əslində, Emin Əmrullayevlə Eşqi Bağırova da elə bu yaraşır – "Qızıl oğlanlar".

Onların rəhbərlik etdiyi təhsil sistemində kalqotka satılmamalıdır. Axı onlar xaricin nüfuzlu universitetlərində təhsil alıblar, qızıl kimi oğlanlardılar. Bu heç biabırçılıq da deyil. Qızıl satmaq niyə biabırçılıq olsun ki?
Təhsil yoxdursa, qızıl var.
Deməli, Azərbaycan təhsili inkişaf edir. Deməli, Emin Əmrullayev kalqotkadan qızıla keçidi təmin edə bilib. Eşqi Bağırov da bu "biznesi" inkişaf etdirib. Yəqin ki, növbəti mərhələdə məktəblərdə brilyant, almaz, bahalı daş-qaş biznesi də qurulacaq.

Bundan yaxşı təhsil siyasəti, bundan böyük elmi inkişaf ola bilərmi?

Təbii ki, xeyr.

Azərbaycan elmi, görünür, elə məktəblərdə satılan qızılların hesabına ayaqda qalacaq. Emin Əmrullayevə bu "fəaliyyətində" uğurlar arzulayıram. Eşqi Bağırova isə daha böyük "biznes layihələri" üçün böyük ürək...

"Qızıl oğlanlar"a eşq olsun!

Azərbaycan təhsilini kalqotka biznesindən çıxarıb qızıl biznesinə gətirə biliblər.

Bu, doğrudan da... əsl "uğurdur".

Bizimesr.com