2023-cü ilin "Heydər Əliyev İli" elan olunması mühüm tarixi hadisədir - Anar Salehoğlu

Gündəm / Ölkə
29-09-2022, 20:30 254

Prezident İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması haqqında sərəncam imzalanıb. Bu qərar mühüm tarixi hadisədir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinin taleyüklü və mürəkkəb mərhələsində öz xilaskarlıq missiyası xalqımızın, dövlətimizin məhv olmasına imkan vermədi. Onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın daxilində baş verəcək vətəndaş müharibəsinin qarşısı alındı, xaos və anarxiyaya son qoyuldu, ölkəmiz beynəlxalq müstəvidə tanınmağa başlandı.

Heydər Əliyev xüsusi dövlət orqanlarında çalışanda, Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə və eyni zamanda SSRİ-nin rəhbərlərindən biri olan zamanlarda daim qəlbi Azərbaycanla döyünmüş, xalqımızın və dövlətimizin azadlığa, müstəqilliyə və sərbəstliyə qovuşması üçün daim çalışmış, əziyyət çəkmiş, müxtəlif qüvvələr ilə vuruşmaq məcburiyyətində qalmışdır. Böyük öndər müstəqil dövlətçiliyin, azad yaşamın xalqımıza məxsus ali dəyər olduğunu yaxşı bilirdi. İnsanların milli azadlıq, müstəqillik arzusu ilə yaşadıqlarını görürdü, hiss edirdi. Məhz bu yerdə Ulu öndərin tarixi çıxışını xatırlatmaq istəyirəm.

Ulu Öndər Heydər Əliyev:

Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar, illərlə əziyyət çəkmək olar, illərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki, əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün, bunu bilin, mən sizə deyirəm:
Öz həyatından, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.
Ona da əmin ola bilərsiniz ki, Azərbaycanın dövlətinin, Azərbaycan prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və günü-gündən yüksəklərə qaldırır. Və bilin, mən Azərbaycanın dövlət başçısı kimi deyirəm:
Bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır. Heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini həll edəcəkdir, müstəqil, sərbəst olacaqdır.

Yuxarıdakı çıxışı oxuyan zaman Heydər Əliyevin milli-vətənpərvər insan və ən böyük Azərbaycanlı olduğunu dərk edirik. 2023-cü il xalqımız üçün xüsusi əhəmiyyətli il olacaq. Biz ulu öndərimizin, xilaskarımızın 100 illik yubileyini qeyd edəcəyik. Azərbaycan gəncliyi fürsətdən istifadə edərək müasir Azərbaycanın qurucusu, uzaqgörən siyasətçi - Ümumilli lider Heydər Əliyevin irsini, yaratdığı milli məktəbi dərindən öyrənməyə, ondan yararlanmağa səy göstərməlidirlər.

Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin!