Bakıda məktəbli niyə öldürülüb? - Qətlin təfərrüatı

Gündəm / Hadisə
7-12-2022, 22:40 58
Bakıda məktəbli niyə öldürülüb? - Qətlin təfərrüatı


Bu ilin 26 iyul tarixində Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkının ərazisində 2007-ci il təvəllüdlü Sərxan Məmmədovu döyərək öldürən 2006-cı il təvəllüdlü Nicat Adilova (şərti) hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanışını döyərək öldürən 16 yaşlı Nicata 9 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, bu ilin may ayında Nicatın atası vəfat edib. O, dostları və tanışları arasında özünə “Ömər” ləqəbi götürüb və hamıdan onu bu adla çağırmasını tələb edib.

Hadisə baş verən gün isə Nicat Ağ Şəhərdəki parkda təxminən 2 ay əvvəl tanış olduğu və orta məktəbin 9-cu sinfində oxuyan Sərxanla görüşüb. Həmin vaxt orada onların digər 4 dostu da olub. Nicat Sərxana səbəbsiz yerə şillə vurub. Sərxan isə buna etiraz etdikdə Nicat onun boynunu özünə sıxaraq yumruqla başına bir neçə dəfə ağır zərbələr vurub. Nəticədə 15 yaşlı oğlan huşsuz vəziyyətə düşüb. Parkdakı yeniyetmələr onu tez bulağın yanına apararaq üzünə su vurublar, lakin qısa vaxt sonra Sərxan vəfat edib.

Məhkəmə prosesi dekabrın 5-də başa çatıb.