Direktorun təhqir etdiyi qız ÖZÜNÜ ÖLDÜRMƏYƏ QALXDI - "Elə qışqırırdı ki, səsini biz sinifdə eşidirdik..."

Gündəm / Aktual
Bu gün, 11:32 19

Naxçıvanda direktorun təhqirinə dözməyən tələbə qızın özünü bıqaçladığı bildirilir. Hadisə iki gün əvvəl Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində baş verib. Tələbə yoldaşlarının “Gündəlik Naxçıvan”a dediklərinə görə, N.B. ayaqyoluna getmək üçün sinif rəhbərindən icazə alıb, amma dəhlizdə direktor Elçin Balabəyli onu təhqir edib.
Qızın hazırda xəstəxanada müalicə aldığı, vəziyyətinin ağır olduğu deyilir.
Tələbələr direktorun N.B.-ni ağır sözlərlə təhqir etdiyini bildirirlər:
“Hadisə iki gün əvvəl, birinci dərs saatında olub. Qida və qeyri-qida satıcısı qrupunda oxuyan N.B. ayaqyoluna getmək istəyib, sinif rəhbəri də icazə verib. Dəhlizdə direktor Elçin Balabəyli onu görüb üstünə qışqırıb, ‘küçə qızı’ deyib və başqa ağır söyüşlərlə təhqir edib. Elə qışqırırdı ki, səsini biz sinifdə eşidirdik.
Bundan sonra N.B. qarderob otağına gedib, bufetdən bıqaç götürərək sol sinə nahiyəsindən özünə xətarəs yetirib. Bizi hadisədən sonra tez buraxdılar, N.B. isə orada qaldı. Bildiyimizə görə, ona təcili yardım çağırılıb. Vəziyyətinin ağır olduğunu deyirlər.”
Tələbələr hadisəni görən oğlanın da şok vəziyyətinə düşdüyünü, mərkəzdəki təhlükəsizlikdən və direktorun davranışından narazı olduqlarını deyirlər:
“Hadisəni görən 4 illik ixtisas qrupunda oxuyan oğlan tələbə şoka düşüb. Ona da təcili yardım çağırılıb. N.B.-nin indiki vəziyyətini bilmirik. Bıçağı bufetdə yemək bişirilən yerdən götürüb; orada mətbəx alətləri saxlanılır. Bu, birinci dəfə deyil.
Elçin Balabəyli qız-oğlan fərqi qoymadan tələbələri təhqir edir, söyür, hətta döyür. Etiraz edənləri polislə hədələyir, məktəbdən qovacağını deyir. Artıq boğazımıza yığılıb. Qarşısı alınmasa, belə halların sayı artacaq.”