ATU-nun Stomatologiya fakültəsinin dekanının diplomu saxtadır - İLGİNC

Gündəm / Sosial
Bu gün, 10:51 10

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin dekanı Elmira Əliyevanın stomatologiya təhsili ilə bağlı məlumatlar suallar doğurur.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Elmira Əliyeva maşınqayırma ixtisası üzrə təhsil alıb.

Onun bioqrafiyasına dair rəsmi mənbələrdə də fərqli məlumat yer alır.

Belə ki, ATU-nun rəsmi saytında Elmira Əliyevanın dekan kimi profilində 1997-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Yujdaq İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunduğu, 2002-ci ildə isə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdiyi qeyd edilib.
Yenə ATU-nun rəsmi saytında Elmira Əliyevanın universitetin müəllimi kimi digər profilindəki bioqrafiyasında onun 1997–2002-ci illərdə Yujdaq İnstitutunda stomatologiya təhsili aldığı yazılıb. Bir qədər aşağıda "Təhsil" bölməsində isə 1987–1992-ci illərdə Dağıstan Dövlət Tibb Universitetində təhsil aldığı göstərilib.

Yəni, bu məlumata əsasən Elmira Əliyeva yeddi yaşında Dağıstan Dövlət Tibb Universitetinə qəbul olunub.

Başqa bir maraqlı məqam: onun həm dekan, həm müəllim kimi bioqrafiyasında 5 sentyabr 2023-cü ildən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində dekan vəzifəsində çalışdığı yazılıb.

Amma müəllim kimi profilində həm bu məlumat əks olunub, həm də əlavə olaraq aşağıda "Akademik fəaliyyət" bölməsində 2024-cü ildən dekan kimi çalışdığı qeyd edilib.

Bunların texniki səhv olduğu iddia edilə bilər, amma universitetin rəsmi məlumatlarında bu cür ciddi səhvə yol verilməsi qəbuledilməzdir (üstəlik, təhsili haqqında tamamilə fərqli iki universitet adının qeyd edilməsi).

Araşdırma zamanı daha ciddi, diqqətçəkən məqam üzə çıxıb: Dərbənd şəhərində fəaliyyət göstərmiş Yujdaq İnstitutunda ümumiyyətlə Stomatologiya fakültəsi olmayıb.

1993-cü ildə təsis edilmiş özəl ali təhsil müəssisəsi olan Yujdaq İnstitutu əsasən iqtisadiyyat, hüquq, pedaqogika və humanitar istiqamətlər üzrə fəaliyyət göstərib.

Rusiya Federasiyasının Elm və Təhsil Sahəsində Nəzarət Xidmətinin (Rosobrnadzor) lisenziya reyestrində institutun rəsmi adı — "Южно-Дагестанский институт" ("ЮЖДАГ"), VÖEN-i (ИНН) 0542012594 üzrə aparılan axtarış zamanı müəssisəyə verilmiş lisenziyalar və onların əlavələri nəzərdən keçirilib.
Həmin sənədlərdə 31.05.03 kodu ilə göstərilən "Stomatologiya" ixtisasının yer almadığı, lisenziyalaşdırılmış proqramların isə humanitar, hüquq və iqtisadiyyat istiqamətlərini əhatə etdiyi göstərilib.

Qeyd edək ki, Dağıstanda tibb təhsili üzrə fəaliyyət göstərən əsas dövlət ali təhsil müəssisəsi Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Tibb Universitetidir.

Universitetin rəsmi saytı (dgmu.ru) və Rusiya Təhsil və Elm Nazirliyinin ali təhsil müəssisələrinin monitorinq bazasındakı məlumatlara əsasən, Dağıstan ərazisində "Stomatologiya" (31.05.03) ixtisası üzrə lisenziyalı ali təhsil verən dövlət müəssisəsi Dağıstan Dövlət Tibb Universitetidir.

Əlavə edək ki, araşdırmalarımız zamanı ATU-nun Stomatologiya fakültəsində akademik məsləhətçi vəzifəsində çalışan Günay Müzəffər qızı Əliyeva ilə bağlı da eyni məqamlar üzə çıxıb. Onun da rəsmi məlumatlarında 1997-ci ildə Rusiya Federasiyasının "Yujdaq" İnstitutunun Müalicə işi fakültəsinə daxil olub, 2003-cü ildə institutu bitirdiyi qeyd olunub ("Yujdaq" İnstitutunda Müalicə işi fakültəsi də olmayıb).
Məsələ ilə bağlı Dağıstan və Azərbaycan tərəfə rəsmi sorğular verilib, mövzu diqqətdə saxlanılacaq.