“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!

Gündəm / Ölkə
8-12-2022, 10:47 108


Məlumdur ki, 2020-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın hadisəsi baş verir və hadisə nəticəsində xeyli sayda mağazalar yanaraq külə dönür. Düzdür, ölkə rəhbərinin tövsiyəsindən sonra sahibkarlar sığorta şirkətlərinə üz tutsalar da, son anda onlar mallarını heç cür sığorta etdirə bilmirlər. Yəni, sığorta şirkətləri bazarı sığorta etmək qərarında olmurlar. Buna da əsas səbəb, bazar infrastrukturunun təhlükəsizlik tələblərinə cavab verməməsi olur ki, həmin vaxtlarda külli miqdarda ziyan çəkən sahibkarlardan biri də, Haqverdiyev Xaliq Murğuz oğlu olur. Bu şəxs indiyə kimi ona ödənilməli olan kompensasiyanı heç cür əldə edə bilmədiyindən, son anda üz-üzə qaldığı belə bir problemi ictimailəşdirmək, həmçinin bu haqda aidiyyatı dövlət qurumlarını məlumatlandırmaq qərarına gəlir. Dünən gundemxeber.az saytının redaksiyasına müraciət edən və Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli qəsəbəsi, ev-26A ünvanında qeydiyyatda olan, hal-hazırda isə Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsində ailəlikcə müvəqqəti yaşayan Xaliq Haqverdiyev qeyd edir ki, “Mən təqribən 5-6 il bundan əvvəldən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Həmin vaxtlarda bu ticarət mərkəzində istifadə etdiyim mağazanın və mağazaya aid anbarın ümumi sahəsi təqribən 200 kvm idi və burada əsas etibarilə elektrik mallarının satışı ilə məşğul olurdum. Qeyd edim ki, həm mağazadan, həm də mağazanın anbarından istifadə etdiyimə görə, bu ticarət mərkəzinə ilk əvvəl 2200 manat, daha sonrakı vaxtlarda isə 1300 manat məbləğində hər ay icarə pulu ödəyirdim. Elə ki, 2020-ci ilin may ayında “EuroHome” Ticarət Mərkəzində 2-ci dəfə yanğın hadisəsi baş verdi, o halda istifadə etdiyim mağaza və mağazanın anbarı tamamilə yanıb külə döndü. Qeyd edim ki, 2019-cu ilin dekabr ayında bu ticarət mərkəzində baş verən ilk dəfə yanğın hadisəsi zamanı, qardaşım Xaqani Haqverdiyevin işlətdiyi iki mağaza və onun mağzalarına aid anbar da yanıb külə dönmüşdü. Baş verən yanğın hadisəsi zamanı mənə 612 min dollar dəyərində, qardaşım Xaqani Haqverdiyevə isə 604 min manat dəyərində ziyan dəydi. Yəni, satışını həyata keçirdiyimiz elektrik malları tamamilə yanıb külə döndü. Həmin vaxtlarda “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətov bizə “Heç də narahat olmayın, sizə lazımi məbləğdə kompensasiya ödəniləcək” deyə vəd verirdi.

Artıq həmin vaxtdan bir neçə il keçsə də, bu ticarət mərkəzinin rəhbərliyi bizə ödəməli olduqları kompensasiyanı vermir. Artıq bu gün elə bir dözülməz vəziyyətə düşmüşük ki, düşdüyümüz vəziyyətdən heç cür çıxa bilmirik. Baş verən yanğın hadisələri zamanı həm qardaşımın, həm də mənim satışını həyata keçirdiyimiz elektrik malları yanıb külə döndüyündən, malları nisyə götürdüyümüz xarici şirkətlərə, ayrı-ayrı şəxslərə olan borclarımızı qaytara bilməmişik. Bundan əlavə, şəxsən bu gün mənim vergiyə 1300 manat məbləğində borcum var. Hazırda Türk Həsən adlı bir şəxs var, mən ona olan borcumu qaytara bilmədiyimdən, o, Masazırda ailəlikcə yaşadığımız evi girov götürüb. Yəni, bu şəxs himayəmdə olan dörd azyaşlı uşağı, həyat yoldaşımı və məni qış fəslinin belə bir vaxtında yaşadığımız evdən çıxartmaq zorunda qoyub. Elə ki, ötən müddət ərzində “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətovdan kompensasiya ödənilməsini tələb etmişəm, o halda mənə həm polis əməkdaşlarının, həm də bu ticarət mərkəzində müdir vəzifəsi daşıyan Sərvan Quliyevin vasitəsilə təzyiqlər göstəriblər. Qeyd edim ki, bu şəxs Azay Möhnətovun qardaşı oğludur. Onu da bildirim ki, ötən il qardaşım Xaqani Haqverdiyev düşdüyü vəziyyətə heç cür dözə bilmədi və rəhmətə getdi. Bütün bunlara baxmayaraq, Azay Möhnətov “EuroHome” Ticarət Mərkəzində çalışan və yanğın hadisələri zamanı zərər çəkən bütün qohum-əqrəbalarının hər birinə lazımi məbləğdə kompensasiya ödətdirib. Yəni, bu haqda dəqiq məlumatlara malikik. Bizim kimi insanlara gəldikdə isə, o, hələ də bildiyi və düşündüyü addımlarını atmaqda davam edir”.

Qeyd edək ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, 12 may 2020-ci il tarixdə mediaya verdiyi müsahibəsində qeyd etmişdi ki, “Mən “EuroHome” Ticarət Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı olan nöqsanları qeyd elədim. Demək olar ki, bu nöqsanlar iri ticarət mərkəzlərinin əksəriyyəti üçün xarakterikdir. Baxmayaraq ki, bizim aidiyyəti Xidmətlər tərəfindən dəfələrlə obyekt rəhbərlərinə şifahi və yazılı göstərişlər verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. Lakin qeyd etdiyim kimi, əksəriyyətində bu nöqsanlar aradan qaldırılmayıb. Belə bir səbəblərdəndir ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın baş verib”.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, “EuroHome” Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsinə əsas səbəb, bu ticarət mərkəzinin rəhbərliyi tərəfindən vaxtında yanğın təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər görülmür. O halda sual oluna bilər ki, bəs bu hadisə ilə bağlı sahibkarlara dəymiş külli miqdarda ziyanı kim ödəməlidir? Söz yox ki, bütün ziyanlıq hadisənin baş verməsinə məsul olan şəxslər tərəfindən ödənilməli və sahibkarlara qarş olan haqsızlıqlar da aradan qaldırılmalıdır.
Yazıda ittiham olunan “EuroHome” Ticarət Mərkəzinin rəhbəri Azay Möhnətovun da mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az