AZAL-ın “ucuz bilet” komediyası, yaxud xalqı ələ salmağın yeni üsulu
Gündəm / Dünya
23-12-2022, 21:01
163
Sosial şəbəkələrdə səyahət qruplarına, səhifələrinə göz gəzdirmək yetər ki, AZAL-ın insanlara necə başağrı yaratmasına əmin olasan. Səyahətsevərlər, səfərə çıxmalı olan şəxslər yüksək qiymətlərdən çox əziyyət çəkir. Hər gün həmin qruplarda, səhifələrdə bu istiqamətdə şikayətlərə rast gəlmək mümkündür. AZAL-ın struktur bölməsi kimi yaradılan “Buta Airways”in təklifləri də çox işə yaramır.
Birincisi, ucuz biletləri əldə etmək asan deyil. İkincisi, biletlər bir o qədər ucuz da nəzərə çarpmır. Baqaja az qala bir bilet qədər xərcləməli olursan.
Bizimyol.info xəbər verir ki, “Buta Airways” ucuz bilet kampaniyası elan etmişdi. AZAL-ın loukoster şirkəti 2023-cü ilin 26 mart-29 oktyabr tarixlərini əhatə edən 9 istiqamət müəyyənləşdirmişdi. Guya 10 min bilet 29 avrodan satışa çıxarılıb. Səyahətsevərlər 53-54 manat ödəyərək Ankara, İzmir, İstanbul, Tbilisi, Aktau, Həştərxan, Mineralnıe Vodı, Kazan və Ufa şəhərlərinə biletlər əldə etməliydi. Amma tapın görək nə baş verdi? Bəli, “Buta Airways”in saytı çökdü. Sayt özünə gələndə isə üzə çıxdı ki, 29 avroya, demək olar, bilet qalmayıb.
Baş verənlər sosial mediada böyük müzakirəyə səbəb olub. Yazırlar ki, “Buta Airways” bilərəkdən belə şərait, saytın çökməsi görüntüsü yaradıb. Əslində isə kuratorlar səyahət şirkətləri ilə əlbir iş görür. Yazılan rəylərin arasında nadir hallarda kiminsə bilet ala bilməsini oxumaq olur. Əksəriyyət istəyinə çatmaq üçün zaman sərf edib, amma heç bir iş alınmayıb. Rəylərdən birində qeyd olunur ki, müştərinin plastik kartından pul da çıxılıb, buna baxmayaraq, ortada bilet yoxdur. Başqa bir rəy “Buta Airways”dən şübhələnməyə ciddi əsas verir. Guya kartda problem var. Bilet almaq istəyən şəxs dərhal bankı ilə əlaqə saxlayıb. Məlum olub ki, hər hansı problemdən söhbət gedə bilməz. Bankdan ona əmin olmaq üçün başqa bir əməliyyatı həyata keçirməyi tövsiyə ediblər. Gerçəkdən də kartla bağlı problem olmadığı üzə çıxıb.
Bəs onda bu komediya nəyə lazım idi? Məzhəkə ona görə qurulmuşdu ki, şikayətlərin qarşısı alınsın. AZAL heç də bütün biletləri baha satmadığını göstərmək istəyir. Sabah çıxıb deyəcəklər ki, kampaniya təşkil edilmişdi, 10 min bilet satıldı. Halbuki 29 avroya ən yaxşı halda 150-200 biletin satılmasından söhbət gedə bilər. Karantin rejiminin vaxtı da uzadılıb. Bu o deməkdir ki, tezliklə quru sərhədlər açılmayacaq və AZAL meydanda at oynatmağa davam edəcək
Bizimyol.info