Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Gündəm / Cəmiyyət
Bu gün, 11:31 20


Bu gün Vətənə sədaqətlə xidmət etmiş gizir Surxay Niftəliyevin vəfatından 3 gün ötür.

Surxay Niftəliyev 27 sentyabr 1973-cü ildə Quba rayonunda zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. O, Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin üzvü olmuş, Daxili Qoşunların sıralarında Ağdam, Ağdərə və Füzuli istiqamətlərində Vətənə və xalqa böyük sədaqət və şərəflə xidmət etmişdir.

Surxay Niftəliyev təkcə hərbçi kimi deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə insanların hörmətini qazanmış bir insan idi. Onu yaxından tanıyan hər kəs onun alicənablığından, səmimiyyətindən, xeyirxahlığından, mərhəmətindən və insanlara təmənnasız yardım etməyə hər zaman hazır olmasından danışırdı. O, ətrafındakı insanlara qayğı ilə yanaşan, dostluğa və insanlıq dəyərlərinə sadiq qalan, sözü ilə əməli bir olan şəxsiyyət kimi yaddaşlarda iz qoyub.

Belə insanlar dünyadan köçsələr də, onların xatirəsi heç vaxt silinmir. Surxay Niftəliyevin nurlu siması, vətənpərvərliyi və gözəl insanlığı onu tanıyanların qəlbində daim yaşayacaq.

Vəfatının üçüncü günü münasibətilə mərhumun ailəsinə, doğmalarına, dostlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Əziz xatirəsi daim hörmət və ehtiramla anılacaq.