Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidliyə cavabsız suallar...
Gündəm / Aktual
Bu gün, 10:23
8
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli bildirib ki, yeni təmayüllü tədris modelinin tətbiq ediləcəyi ümumtəhsil müəssisələrinə müəllim seçimi MİQ-də uğur qazanmış və hazırda məktəblərdə çalışan müəllimlər arasından aparılacaq.
Onun sözlərinə görə, seçim zamanı əsas meyar müəllimin ən azı 3 illik pedaqoji təcrübəyə malik olması və MİQ, diaqnostik qiymətləndirmə və ya sertifikasiya üzrə nəticəsinin 85 faiz və daha yüksək olmasıdır. Bundan əlavə, şagirdləri ali təhsil müəssisələrinə hazırlamaq sahəsində uğurlu təcrübəsi olan müəllimlərə də üstünlük veriləcək.
Burada isə cavabsız qalan əsas məqam var - bu müəllimlərə nə qədər əməkhaqqı veriləcək?
Təbii ki, bu barədə hələlik heç bir məlumat açıqlanmır. Ola bilsin ki, yaxın günlərdə bu da məlum olacaq. Amma belə görünür diqqət daha çox "yeni model"in təqdimatına yönəlib, onun iqtisadi tərəfi isə arxa planda qalır. Heç kim puldan danışmır, maaşdan danışmır.
Turanə Məcidli
Gəlin məsələyə praktik baxaq. Əgər həqiqətən də seçim yüksək nəticə göstərmiş və şagird hazırlığında uğur qazanmış müəllimlər arasından aparılacaqsa, həmin müəllimlər bu işə maraq göstərəcəklərmi?
Bu gün tanınmış müəllimlərin əksəriyyəti fərdi hazırlıq hesabına ayda bir neçə min manat gəlir əldə edir. Belə olan halda, onlar həmin qazancdan imtina edib, gün ərzində məktəbdə təmayül siniflərində işləməyə razı olacaqlarmı? Hətta bunun müqabilində əlavə 500 manat ödənilsə belə, bu, onlar üçün kifayət qədər cəlbedicidirmi? Əlbətdəki, xeyr.
Əgər məcburiyyət mexanizmi olmayacaqsa, yüksək nəticə göstərən müəllimlərin əhəmiyyətli hissəsinin öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək - yəni evində uşaq hazırlaşdıracaq.
Bu zaman təmayül siniflərində əsas yük kimin üzərinə düşəcək?
Ehtimal ki, bu siniflərdə daha çox fərdi hazırlıq bazarında tələb görməyən və ya şagird cəlb etməkdə çətinlik çəkən müəllimlər çalışacaqlar.
Lakin bu da başqa bir əlahəzrət sualı ortaya sərir - valideynlər və şagirdlər belə müəllimləri seçəcəklərmi?
Axı bu gün valideyn övladını ali məktəbə hazırlamaq üçün hər fənn üzrə ayda 150-200 manat ödəyirsə, o, ilk növbədə nəticə göstərmiş və etibar qazanan müəllimi axtaracaq və axtarmaqda davam edəcək. Bu reallıqdır...
Təəssüflər olsun ki, bu gün sualların cavabını verən yoxdur. Ancaq yeni modelin uğurlarından danışırlar, başlamamış hop deyirlər. Nə deyirik, təki hop olsun Əmrullayev!!! Amma çətin məsələdir...
Bizimesr.media
Ədil Hüseynli