3 saylı Nərimanov Tibb Mərkəzində NƏ BAŞ VERİR? - İLGİNC İDDİA

Gündəm / Sağlamlıq
14-01-2023, 17:43 1 677
3 saylı Nərimanov Tibb Mərkəzində NƏ BAŞ VERİR? - İLGİNC İDDİA


Xeyli vaxtdır İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev və onun tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) sədri Vüqar Qurbanovun ölkə səhiyyəsinin üzərində apardığı eksperimentlərdən yazırıq.
Bəli, tam səmimi olaraq deməliyik ki, bu iki şəxs dovşanın üzərində necə təcrübə, eksperiment apararlarsa, eləcə də səhiyyəmizin üzərində “dəlləklik” edirlər. TƏBİB-in sədri Vüqar Qurbanov islahat, reforma adı altında az qala ayda 2-3 dəfə səhiyyə sistemində stuktur dəyişir, nə bilim xəstəxanaları birləşdirir, profili hətta uyğun gəlməyən poliklinikaları bir şəxsə tabe etdirir və daha nələr...
Bizimlə söhbət edən təcrübəli, neçə illərin səhiyyə rəhbərləri deyir ki, biz özümüz baş aça bilmirik ki, bu adam nə istəyir. Amma biz, yəni media orqanı olaraq bilirik ki, Vüqar Qurbanov kimilər nə istəyir. Bəli, konkret olaraq bu adamlar rüşvət və korrupsiyanı BİR ƏLDƏ cəmləmək istəyirlər. Ki, pul kənara axmasın. Bu az qala riyazi aksiom qədər aydındır.
Biz TƏBİB rəhbəri Vüqar Qurbanovun 2-3 yaxın rayonun səhiyyəsini birləşdirib ƏRAZİ İDARƏSİ yaratmağı, Bakı şəhərində Tibb Mərkəzləri yaratmağı barədə çox yazmışıq. Bu yazıda rayonlardakı ƏRAZİ İDARƏLƏRİ barədə bəhs etməyəcəyik. Bu yazının mövzusu Bakı şəhərindəki rayonların səhiyyəsində baş verən problemlərdir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Bakının 12 rayonunda Tibb Mərkəzləri yaradılıb. Yəni hər bir rayondakı tibb müssisələri, doğum evləri, diş-stomatoloji polklinikalar, uşaq xəstəxanaları və daha nələr birləşdirilərək bir şəxsə, yəni Rayon Tibb Mərkəzinin direktoruna tabe etdirilir. Bir soruşan olmur ki, doğum evi hara, diş həkimi hara, kardioloq hara..?
Sözün qısası, səhiyyəmiz qalıb bu işbilməzlərin əlində. (Allah sənin ölənlərinə rəhmət eləsin Oqtay Şirəliyev).
Yeganə məqsəd də yuxarıda qeyd etdiyimiz kimi PUL, SƏRVƏT toplamaqdır. Bakıda fəaliyyət göstərən belə 12 TİBB MƏRKƏZLƏRİNDƏN biri də 3 saylı Nərimanov RAYON TİBB MƏRKƏZİDİR. Nərimanov Tibb Mərkəzində nələr baş verməsi barədə ötən yazılarımızda xeyli bəhs etmişik. Məlumat üçün qeyd edək ki, 3 saylı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov 2021-ci ilin aprel ayına qədər 5 nömrəli şəhər Klinik Xəstəxanasının baş həkimi olub. Ondan əvvəl isə Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub.
Təsəvvür edirsiniz bunun adamı nə boyda olubsa, əyalətdən, rayondan bir başa Bakıya məşhur xəstəxanaya baş həkim gətirilib. Bu adam baş həkim olduğu vaxt tender keçirmək adı altında yüz minləri mənimsəyib. “5 nömrəli şəhər Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən 2020-2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır: İsitmə sistemlərinə xidmət haqqı xərcləri üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Yangınsöndürən balonların doldurulması üzrə 30.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə məhsulları üzrə xərclər üzrə 03.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 22.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana və təsərrüfat xərcləri üzrə 07.08.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mühafizə xidməti üzrə 02.03.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Bu siyahını o qədər uzada bilərik ki, amma nə ehtiyac var.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov xəstəxanada mühafizəyə 105 min manat pul ayırıb kağız üzərində. Nə isə, bunları bir kənara qoyaq. Fazil Alməmmədov 3 saylı Tibb Mərkəzin direktoru olandan sonra təcrübəli, peşəkar kadrları işdən uzaqlaşdırıb və təqaüd yaşı çoxdan keçmiş, rüşvətxor kadrları xəstəxanalara rəhbər təyin edir. Məsələn, Mərkəzin direktoru Fazil Alməmmədov 55 yaşlı həkimi işdən azad edərək, 68 yaşlı təqaüdçünü onun yerinə təyin edib… Mərkəzin direktoru Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Yaxşı olar ki, müvafiq dövlət qurumları Fazil Alməmmədovun koronavirusdan nə qədər qazandığını araşdırsın...
Görəsən, Fazil Alməmmədov 18 saylı poliklinikada (indiki 2 saylı şöbə) baş həkim işləyən, 67 yaşlı, təqaüd yaşı çoxdan keçmiş Şəhla Məmmədovanı nə məqsədlə şöbəyə “müdir” təyin edib? Bir sözlə, 3 saylı Nərimanov Tibb Mərkəzində baş verən qanunsuzluqlar ölkə səviyyəsində yuxarılara çatıb. Və ciddi yoxlamaların aparılması gözlənilir. Bütün bunlardan qorxuya düşən Fazil Alməmmədov təcili olaraq əmək məzuniyyətinə çıxaraq təhlükədən canını qurtarmağa çalışır.
Növbəti sayımızda Fazil Alməmmədovun 40 manat 12 qəpiklik arayışdan qazandığı milyonlar və ya təyin olunan şöbə müdirləri və baş həkimlər yazısını dərc edəcəyik. Bizi izləyin //gundelik-baku.com//