“Azəriqaz” abonentləri “qaz” kimi soymaqda davam edir, Ruslan Əliyevin “Açıq mikrofon”larının gizli tərəfləri - Faktlar
Gündəm / Cəmiyyət
24-01-2023, 14:36
157
Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinə rəhbər təyin olunmasından sonra ümid edirdik ki, nəhayət rastlaşdığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqdır. Ölkədə həyata keçirilən geniş miqyaslı islahatların fonunda Texnika üzrə Fəlsəfə doktoru olan Baş direktorun strateji əhəmiyyət daşıyan sektora rəhbərlik etməsi ilk baxışda uğurlu görünsə də sonradan baş verənlər onun digərlərindən fərqlənmədiyi barədə neqativ rəyin ortaya çıxmasına səbəb oldu. Ruslan Əliyev və komandası şəffaf işlədiklərini ictimai rəyə sırımaq üçün bir çox kreativ layihələrə start verməklə bu sahədə yeniliklərə imza atdıqlarını sübut etməyə cəhd etdilər. Məsələn, ”Açıq mikrofon” adı altında aksiyalar, bölgələrdə istehlakçılarla mənasız görüşlər, ”Qaynar xətt” bölməsində çalışan xanımların yerində əyləşərək “poz”vermək və s... Bu yaxınlarda rastlaşdığımız mənzərə “Azəriqaz”da əslində nələrin baş verdiyini tam çılpaqlığı ilə ortaya qoydu. 04.01.2023-cü il tarixində smart kart vasitəsilə sayğaca pu ödənişi edərkən aydın oldu ki, ödədiyimiz məbləğdən borc adı ilə vəsait silinib. Məlumat üçün bildiririk ki, smart tipli sayğaclarda məbləğ bitərsə avtomatik olaraq mavi yanacağın verilişi dayanır. Yalnız əlavə vəsait yüklənəndən sonra qazın verilişi bərpa olunur. Mexaniki sayğaclardan fərqli olaraq smart tipli sayğaclarda borc yaranması mümkün deyil. Anlaşılmazlıq yarandığını güman edərək, ”Azəriqaz”a müraciət etmək qərarına gəldik. İlkin olaraq qaynar xəttı yığmağa cəhd etdik. Bir neçə saat ərzində telefon zənglərimizə cavab verən tapılmadı. Məcburiyyət qarşısında qalaraq Whatsapp üzərindən problem barəsində məlumat verdim. Bir neçə saatdan sonra bizə cavab olaraq bildirildi ki, yerli qaz təchizatı idarəsinə müraciət edin. Abşeron Qaz İstismarı İdarəsində görüb müşahidə etdiyimiz acınacaqlı mənzərədən dəhşətə gəldik. Onlarla abonent müxtəlif problemlərlə bağlı sözün həqiqi mənasında etiraz aksiyası keçirirdi. İdarənin əməkdaşları isə şikayətçilərin əlində aciz qalmışdı. Nə şikayətçilərin haqlı narazılıqlarına cavab verə nə də, əsəbləri tarıma çəkilmiş insanları sakitləşdirə bilirdilər. Ən acınacaqlısı o idi ki, hər kəs yüksək səslə soruşurdu - “Dövlət hara baxır???” Bəli, vətəndaş “Dövləti “ köməyə çağırırdı. Anladıq ki, bu idarədə bizi qəbul edib dinləyəcək kimsə tapılmayacaq. Ona gorə də “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz Vəliyevə telefon açaraq rastlaşdığımız problem barədə ətraflı məlumat verdik. Nəhayət, bu qurumda şikayətçini dinləyəcək bir nəfərin olduğuna sevinsək də aldığımız cavab bizi məyus etdi. Eldəniz Vəliyev bildirdi ki, smart tipli sayğaclarda klapanların tutulması nəticəsində bəzən itkilər olduğu üçün istehlakçiya əlavə vəsait hesablanır. Məhz bu səbəbdən sizdən əlavə vəsait tutulur. Sayğacda yaranmış xətaya görə istehlakçı nəyə görə cərimə ödəməlidir deyə verdiyimiz suala isə E.Vəliyev bu barədə məhkəməyə müraciət edə bilərsiniz cavabını verdi. Baş verənləri təhlil edərək gəldiyimiz qənaəti oxucularımızın və müvafiq dövlət qurumlarımızın diqqətinə çatdırırıq.
1. Ruslan Əliyev rəhbərlik etdiyi qurumu korrupsiya yuvasına çevirməkdədir
2. Sayğaca kənar müdaxilə olmadığı ,dövlət möhürü pozulmadığı halda nəyə gorə istehlakçıya əlavə vəsait yazılmalıdır?
3. Sayğacda yaranmış texniki nasazlığa görə məsuliyyəti kim daşıyır?
4. Abonentin xəbəri olmadan küçədə quraşdırılmış sayğaca müdaxilə edərək cərimə yazmaq nə dərəcədə qanunidir?
5. Nəzərə alsaq ki,ölkədə milyonlarla abonent var onda,bu metodlarla yığılan milyonlarla vəsait kimlərin ciblərinə axır?
Göründüyü kimi rastlaşdığımız mənzərə R.Əliyevin tətbiq etdiyi qanunsuz gəlir mənbələrindən sadəcə biridir. Mavi yanacağa tətbiq edilən limitdən və mövcud baha qiymətdən əziyyət çəkən əhalini bu yollarla dövlətdən narazı salmaq kimin ağlının məhsuludur? Havaya sovrulan və mənimsənilən milyonların yerini doldurmaq üçün gizli şəkildə vətədaşların ödənişindən əlavə pullar tutaraq onları məhkəmələrə istiqamətləndirməyin adı nədir?Belə çıxır ki, Prezidentin etimad edərək vəzifələrə təyin etdiyi kadrlar onun tapşırıqlarını və tövsiyyələrini qulaqardına vururlar. İndi aydın olur ki, dünyaya qaz satan olkənin vətəndaşları nəyə görə hələ də mavi yanacaqsız qalıb. Mövcud qiymətlərlə gəlirlə işləməli olan “Azəriqaz”da yeyintilər o həddə çatıb ki, artıq abonentləri şərləyərək pu toplamağa başlayıblar. Bunun adı CİNAYƏTDİR! Psixoloji və emosinal durumu yerində olmayan insanları dövlətə qarşı qaldırmaqdır. Ruslan Əliyevin törətdiyi qanunsuz əməllərdən birini “Açıq mikrofonsuz” yuxarı qurumların diqqətinə çatdırdıq. Neçə ki gec deyil, hüquq-mühafizə orqanları Ruslan Əliyevin fəaliyyətini araşdırmalıdırlar. Təcrübə göstərir ki, sonradan itirilmiş milyonları geri qaytarmaq çox çətin olur.
Adekvat.az
Araşdırma qrupu