Ruhulla Axundovun nəvəsinin qanını KİM BATIRIB? - Məhkəmə hakimi İTTİHAM OLUNUR

Gündəm / Foto
21-08-2023, 13:05 749
Ruhulla Axundovun nəvəsinin qanını KİM BATIRIB? - Məhkəmə hakimi İTTİHAM OLUNUR

04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Ömərov Vaqif Zakir oğlu sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu, H..Əliyev prospekti 119 ünvanda yolu keçən piyada Axundov Ruhulla Rufiq oğlunu vurub. Qarşı tərəfdən gələn Quliyev Səftər Əziz oğlu isə idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili ilə yolda yıxılaraq arxası üstündə qalan piyada Ruhulla Axundovun üzərindən keçib. Səftərin maşını həmçinin “Khazar LX” markalı başqa avtomobili də vurub sürücüsünə yüngül xəsarət yetirib. Bundan başqa, zəncirvari qəza nəticəsində yolda olan “Rexton”, “Volksvagen Polo” və “Azsamand” markalı maşınlar da əzilmişlər.
Amma nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib.

Son nəticədə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 263.1.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Ömərov Vaqif Zakir oğluna iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Halbuki, həmin maddənin sanksiyasında cəza növünün son həddi səkkiz ildir. Amma yox, törətdiyi əməldən səmimi peşman olan Vaqif Ömərov hadisədən sonra polislərə qoşularaq meyiti morqa da aparmışdır və bu xüsusat hakim Siyavuş Hacıyevin hökmündə yüngülləşdirici hallardan biri kimi vurğulanmışdır. Ən nəhayət, mərhum Ruhulla Axundovun hüquqi varisi kimi onun bacısı tanınmışdır ki, o da qardaşının ölümünün səbəbkarları ilə barışmış, onların ziyan əvəzi olaraq ödədikləri kompensasiya ilə qane olmuşdur. Halbuki, Ruhulla Axundovla vətəndaş nikahı ilə yaşayan həyat yoldaşının hüquqi varisliyə iddiası rəsmi dövlət nikahı olmaması səbəbindən hakim tərəfindən qəbul edilməmişdir.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən və demək olar ki, qanı batırılan şəxs XX əsrdə yaşamış görkəmli alim, siyasi və dövlət xadimi Ruhulla Axundovun nəvəsidir. Tarixi bilənlərə məlumdur ki, Ruhulla Axundov 1925-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi olmuş, Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlamış, latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olmuşdur. Ruhulla Axundov və həyat yoldaşı Stalin repressiyasına məruz qalaraq güllələnmiş, bir oğlu Fərid II dünya savaşında döyüşərək həlak olmuşdur. Bir sözlə, bu soyadı daşıyanlara sadə ölüm yaraşmırdı, amma bu, Ruhulla Rufiq oğlunun başına gəldi. O da məlumdur ki, ötən əsrin 30-cu illərindəki repressiya dövründə “xalq düşmənlərini” Stalin özü güllələmirdi, bunu hər millətin “sapı özündən olan baltalarının” əli ilə həyata keçirirdi. Kim bilir, indi Ruhulla Rufiq oğlu Axundovun qanını batıranların zatını-kökünü axtarsaq, bəlkə də məlum olar ki, Ruhulla Əli oğlu Axundovun ayağının altını qazıb güllələtdirən mərdimazarlar bəlkə də külli miqdarda rüşvət alıb bu qərarı verənlərin babalarıdır. Ümidvarıq ki, əlaqədar orqanlar lazımi ölçü götürərək tezliklə Siyavuş Hacıyev kimi hakimləri cəzalandıracaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//