Oğuz rayonunda qəribə təhsil “islahatı”: Birinci və ikinci siniflər bir yerdə dərs keçirlər - BU NƏDİ BELƏ
Gündəm / Cəmiyyət
11-10-2023, 14:35
472
Şəki-Zaqatala Regional Təhsil İdarəsi məktəblərdə sinifləri komplektləşdirir. Bu komplektləşdirmə 1-ci və 2-ci siniflərin birləşdirilib, eyni sinifdə dərs keçməsi ilə həyata keçirilir.
Tereqqi.az bildirir ki, bu barədə Gununsesi.info-ya Oğuz rayon Calut kənd orta məktəbinin müəllim və valideynləri məlumat veriblər.
Şikayətçilər bildiriblər ki, bu iş regional təhsil idarəsində müavin işləyən Bəhruz Nəbilinin rəhbərliyi ilə tətbiq edilir.
Müraciət edənlər qeyd edir ki, 1 və 2-ci siniflərdə cəmi 19 şagird var. Bu komlektləşdirilmədən narazı qalan valideynlər Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”inə zəng ediblər. Nazirlik məsələnin rayon sektorunda həll edilməsini məsləhət görüb.
Övladları kənd orta məktəbinin 1-ci və 2-ci sinfində oxuyan valideynlər rayon sektorunun qəbulunda olublar. Burada da məsələnin həllinin onların səlahiyyətləri çərçivəsində olmadığını bildiriblər.
Müraciət edən müəllimlər təhsillə bağlı başqa problemlərdən də narazıdırlar. “Regional Təhsil İdarəsi vaxtı bitən direktorları işdən azad eləmir. Vakant yazılan yerlərə müqaviləli müəllimləri işə götürür, imtahandan keçən müəllimi müsahibə mərhələsində kəsir. Yoldaşımı 2 dəfə direktorluğun, 3 dəfə də müavinliyin müsahibə mərhələsindən kəsiblər”, – deyə şikayət edənlərdən biri bildirib.
Mövzuda adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.