Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Gündəm / Siyasət
Dünən, 18:49
15
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun imzalayıb.
Dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad olunub.
Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.