Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Gündəm / Dünya
18-05-2024, 14:08 1 208

Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb. Çin lideri Si Cinpin aylar öncəsi Putini ölkəsinə dəvət etmişdi. Putin səfərlərini prezident seçkisindən sonrasına saxlamışdı. Putinin seçkidən sonra iki səfər seçimi var idi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Putini Si Cinpinin dəvətindən əvvəl Ankaraya dəvət etmişdi.

Putin Çini seçdi. Prezident seçilən Vladimir Putin andiçmə mərasimindən 10 gün sonra məhz Çinə səfər etməyə qərar verdi. Vladimir Putinlə Si Cinpin arasında təkbətək görüş 2.5 saat çəkib. Daha sonra müzakirələr geniş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Səfər əlamətdar tarixə təsadüf edib. SSRİ-nin varisi sayılan Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd edilib. Bununla bağlı iki ölkə liderinin qəbul etdiyi sənəd 30 səhifədən ibarətdir. Sənəddə iki ölkənin dünyada “ədalətli və demokratik” mühitin yaradılması üçün birgə çalışacaqları da vurğulanıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Çinin isə qonşuları ilə münasibətlərdəki gərginliyi və daxildəki insan hüquqları ilə bağlı problemlərini nəzərə alaraq Moskva ilə Pekinin dünyada necə “ədalətli və demokratik mühit” yaradacağı suallar doğurur. Si Cinpin Putinlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın başqa dövlətlərə qarşı yönəlmədəyini vurğulasa da, ABŞ və Avropa İttifaqı bu birliyin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirməsinə zəmin yaratdığı qənaətindədir. Çünki, Rusiya Avropaya sata bilmədiyini və ala bilmədiyini Çinə satır və Çindən alır. Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb. Bu Rusiyanı Qərbin sanksiyalarından qoruyur.

Vladimir Putin Çinə səfərini Qərblə mübarizədə növbəti mərhələ hesab edir. Təsadüfi deyil ki, səfərdən bir neçə gün əvvəl Çinin “Sinxua” agentliyinə müsahibə verən Putin Rusiyanın Çinlə birgə ABŞ-ın hegemoniyasını zəiflətməyə çalışacaqlarını bildirib. Putin müsahibədə deyib ki, Qərb müxtəlif dövlət və millətlərə necə yaşamaq barədə mühazirə oxumamalıdır: “Rusiya və tərəfdaşlarımız bu vəziyyətlə barışmayacaqlar”. Kreml sahibi nuna misal olaraq Rusiyanın Çinlə birgə formalaşdırdığı müxtəlif regional təşkilatları göstərib. Putin Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı Pekinin irəli sürdüyü 12 maddəlik sülh planını dəstəklədiyini də bildirib. Əslində “sülh planı” adlandırılan həmin təkliflər Rusiyanın Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsini nəzərdə tutur. Çünki “sülh planında” Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi barədə bənd yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi