Sülh danışıqları yenə dalana dirənib? - NƏ ETMƏLİ?

Gündəm / Siyasət
20-07-2024, 09:30 828
Sülh danışıqları yenə dalana dirənib? - NƏ ETMƏLİ?

Avropa Siyasi Birliyinin dördüncü zirvə görüşü çərçivəsində iyulun 19-u Londonda Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənirdi. Amma bu, baş tutmadı. Rəsmi Bakı Ermənistanın, Yerevan isə, əksinə, Azərbaycanın bu görüşdən imtina etdiyini açıqladı.

Son illər Ermənistanla Azərbaycan arasında sülh danışıqları ayrı-ayrılıqda həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Son bir ildə isə iki ölkə rəsmiləri birbaşa da təmaslar quraraq sərhədlərin müəyyən edilməsi ilə bağlı bir sıra irəliləyişlərə nail olublar. Amma hər üç formatda yekun nəticə, hələlik, əldə edilməyib. Baxmayaraq ki, yaxın günlərə qədər Ermənistan tərəfdən "bir ay ərzində müqavilə imzalana bilər", Azərbaycan tərəfdən isə "açıq sualların sayı xeyli azalıb" kimi bəyanatlar eşidilirdi.

Milli Məclisin VI çağırışının üzvü Elman Nəsirovun Turana bildirib ki, sülh sazişinin təşəbbüskarı Azərbaycandır, onun 5 əsas prinsipini də Azərbaycan müəyyən edib və sülh müqaviləsinin layihəsini də Azərbaycan təklif edib: “Bəlkə də 10 dəfə fikir mübadiləsi olub və prinsip etibarilə işlər qaydasında gedirdi və hətta Ermənistan tərəfi deyirdi ki, 1 ay ərzində sülh müqaviləsini imzalamağa hazırdır”.

E.Nəsirovun sözlərinə görə, Azərbaycan sülh istəyir, amma ölkənin mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldıqca bu, mümkün deyil: “Ermənistanın bu məsələ ilə bağlı referendum yolu ilə Konstitusiyada dəyişiklik edilsin, ondan sonra istisna deyil ki, COP29 tədbirinə qədər sülh müqaviləsi imzalansın. Sülh müqaviləsi və ya hətta çərçivə sazişi imzalanacağı təqdirdə Paşinyanın COP29-da iştirakı mümkün ola bilər”.

O qeyd edib ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin Avropa Siyasi Birliyinin dördüncü zirvəsi çərçivəsində görüşü mümkün ola bilərdi: “Ancaq göründüyü kimi, Ermənistanın Baş naziri bu görüşdən imtina edib. Bu, təəccüb doğurur. Çünki sülh istəyən dövlət belə addım atmamalıdır. Deməli, Ermənistanın sülhlə bağlı bəyanatların arxasında real addımlar dayanmır. Bəzən adamın ağlına gəlir ki, Paşinyana yenə Fransanın Prezidentimi təsir etdi ki, o, Azərbaycan Prezidenti ilə təmaslardan imtina etsin? Amma istənilən halda belə bir görüşdən imtina sülh prosesinə ziyan vuran bir hadisədir”.

Siyasi şərhçi Zərdüşt Əlizadənin də mövzu ilə bağlı AzadlıqRadiosuna deməsinə görə, London görüşündən imtina edən tərəf Ermənistandır: "Paşinyan göstərmək istəyirdi ki, qərarları müstəqil qəbul edir. Ermənistan çox çalışırdı ki, Fransanı vasitəçi kimi danışıqlara qoşsun, Azərbaycan tərəfi isə qəti şəkildə Fransanı qəbul etmədi. Nəticədə Azərbaycanla Fransanın münasibətləri xeyli pisləşdi. Londondakı görüşdə isə təklif olundu ki, vasitəçi İngiltərə olsun".

Ekspertin sözlərinə görə, əsas odur ki, iki ölkənin xarici işlər nazirləri görüşür, delimitasiya komissiyasının işləri gedir, "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən yol) məsələsi yavaş-yavaş öz həllini tapır: "ABŞ da indi çalışır ki, dəhliz açılsın. Odur ki, Azərbaycan tələsmir. Azərbaycanın əlində çox güclü bir amil var: Türkiyə ilə sərhədlərin açılması. Paşinyanın siyasi xətti odur ki, Rusiyadan ayrılıb Qərbə tərəf getsin. Qərbə gedən isə bir yol var, o da Türkiyədir. Amma Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, Türkiyə Ermənistanla sərhədini açmayacaq. Belə olan halda Paşinyana sülh sazişini imzalamaq daha çox lazımdır".

Amma Z.Əlizadənin fikrincə, bu il iki ölkə arasında sülh sazişi imzalanmayacaq: "Əgər Azərbaycan tərəfi şərt qoyub ki, Ermənistan konstitusiyanı dəyişməyənə qədər sülh sazişini imzalamayacaq, bu, qəti qərardır. Azərbaycan ictimai rəyində sülh müqaviləsinin əhəmiyyətini çox şişirdirlər. Bir misal çəkim. Ukrayna ilə Rusiya arasında qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik barədə böyük bir müqavilə var. Amma indi Rusiya Ukraynaya hücum edib. Bu müqavilənin əhəmiyyəti varmı?".

O hesab edir ki, yeganə təhlükəsizlik zəmanəti Azərbaycanın güclü olmasıdır: "Amma Azərbaycan hakimiyyəti bir az səmərəsiz siyasət yürüdür, təbii sərvətlərini xərcləyir. Bizdə güclü iqtisadiyyat yoxdur. Problemimiz budur".