Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - Bir zamanların qüdrətli komitə sədri tanınmaz halda

Gündəm / Sosial
Bu gün, 15:55 9

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun yeni fotosu diqqət çəkib.

Musavat.com xəbər verir ki, sabiq yüksək vəzifəli məmurun sosial şəbəkədə özünün paylaşdığı son fotosu onun illər əvvəlki görüntülərindən xeyli fərqlənir.

Bir zamanlar səliqəli saç düzümü, klassik kostyumu və gənc görünüşü ilə yadda qalan Nazim İbrahimov yeni fotoda ağarmış saç-saqqalı, eynəyi və dəyişmiş zahiri görünüşü ilə diqqət çəkir. İki foto arasındakı fərq kifayət qədər böyükdür.

16 il Azərbaycanın diaspor siyasətinə rəhbərlik etmiş keçmiş məmurun bugünkü görüntüsü həm də onun siyasi karyerasının enişli-yoxuşlu tarixini yada salır.

Nazim İbrahimov 2002–2018-ci illərdə diasporla iş üzrə dövlət qurumuna rəhbərlik edib. Uzun müddət hakimiyyətin nüfuzlu simalarından biri hesab olunan sabiq komitə sədrinin karyerası 2018-ci ilin aprelində başa çatıb.

Onun vəzifədən uzaqlaşdırılması isə adi kadr dəyişikliyi kimi yadda qalmayıb.

Həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev Nazim İbrahimovun fəaliyyətini açıq şəkildə və olduqca sərt tənqid etmişdi.

24 aprel 2018-ci ildə “Report” agentliyinə açıqlamasında Ramiz Mehdiyev bildirmişdi:

“Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib”.

Mehdiyev daha bir ciddi ittiham səsləndirmişdi:

“Dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bu sözlər o zaman böyük rezonans doğurmuşdu. Prezident Administrasiyasının rəhbəri komitənin xaricdə yaşayan azərbaycanlılarla işini də səmərəsiz qiymətləndirmişdi.

Maraqlıdır ki, Nazim İbrahimov bu ağır tənqidlərə qarşı sərt cavab verməmişdi. Əksinə, mətbuatda onun Ramiz Mehdiyev haqqında belə dediyi bildirilirdi:

“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

Son illər Nazim İbrahimov sosial şəbəkələrdə daha çox şəxsi xatirələri və keçmişə aid materiallarla görünür.

Bir vaxtlar böyük dövlət tədbirlərində, xarici səfərlərdə və rəsmi qəbul mərasimlərində görünən Nazim İbrahimovun bugünkü həyatı isə əvvəlki siyasi fəallığından xeyli uzaq görünür.

Onun yeni fotosu da istər-istəməz bir sualı gündəmə gətirir: Siyasi hakimiyyətin zirvəsində uzun illər keçirmiş insanların vəzifədən sonrakı həyatı necə dəyişir?

Nazim İbrahimovun köhnə və yeni fotoları bu sualın maraqlı vizual müqayisəsidir.