Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...

Gündəm / Aktual
19-02-2025, 09:29 74

Redaksiyamıza daxil olan ilginc məlumatlara əsasən, Valeh Qasımzadə adlı şəxs Yasamal rayonunda qanunsuz fəaliyyətlə məşğuldur. O, özünü Yasamal Rayon İcra Hakimiyyətinin əsas fiqurlarından biri kimi təqdim edir və rayon ərazisində aparılan tikintilərə birbaşa nəzarət etdiyini iddia edir.

Lakin apardığımız araşdırmalar göstərir ki, Valeh Qasımzadə İcra Hakimiyyətinin heç bir rəsmi işçisi deyil. Əldə edilən məlumatlara görə, o, əslində Yasamal Mənzil İstismar Sahəsinin (JEK) sadə bir mühəndisidir. Buna baxmayaraq, şəxsin özünü icra başçısının “əsas adamı” kimi qələmə verməsi, tikinti sahəsində rüşvət topladığına dair iddialar maraqlı suallar doğurur.

Saysız-hesabsız mülklər və qanunsuz tikinti

İddialara görə, Valeh Qasımzadə vətəndaşlardan tikintilər üçün rüşvət topladığını və bu pulların guya icra başçısına çatdırıldığını bildirir. Lakin bu iddianın nə qədər həqiqətə uyğun olduğu sual altındadır.

Araşdırmalar zamanı məlum olub ki, Valeh Qasımzadənin Yasamal rayonunda, xüsusən Yeni Yasamal ərazisində çoxsaylı mülkləri var. Bu mülklərdən biri də Yeni Yasamal-1, bina 1 ünvanında yerləşən və tamamilə qanunsuz tikinti olduğu iddia edilən obyektlərdən biridir. SSRİ dövründən mövcud olan bir binanın tam ortasından kənar istiqamətə uzanan bu qeyri-qanuni tikili açıq-aşkar göz önündədir.

Məsələ burasındadır ki, nə İcra Hakimiyyəti, nə də digər aidiyyəti qurumlar bu tikintini dayandırmaq üçün hər hansı addım atmayıb. Əgər bu qanunsuz tikinti göz önündədirsə və dövlət orqanları bunu görməzlikdən gəlirsə, bunun arxasında himayə edən şəxslərin olub-olmaması sual doğurur.

Sıradan bir mühəndis necə bu qədər əmlaka sahib ola bilər?

Ortaya çıxan əsas sual budur: Sadə bir Mənzil İstismar Sahəsinin mühəndisi bu qədər mülkü hansı vəsaitlə əldə edib? Yasamal rayonunda onun himayə olunduğuna dair iddialar dolaşır.

Məlumatlara görə, Valeh Qasımzadənin fəaliyyətindən ya İcra Hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur, ya da bu məlumatların onlara çatdırılmasının qarşısı süni şəkildə alınır.

Qanunsuzluqlarla bağlı araşdırma lazımdır

Mövcud vəziyyətdə Yasamal rayonunda qanunsuz tikintilərə icazə verən, rüşvət iddialarında adı keçən Valeh Qasımzadənin fəaliyyəti ciddi araşdırılmalıdır. Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu məsələ ilə bağlı araşdırma aparması vacibdir.

Əgər iddialar təsdiqlənərsə, bu, təkcə bir şəxsin yox, ümumilikdə rayonun tikinti sektorunda sistemli korrupsiyanın olmasına işarə edir.

Redaksiya olaraq məsələnin araşdırılması üçün aidiyyəti qurumların mövqeyini öyrənməyə davam edəcəyik.

Bakunews.az