“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
Gündəm / Sosial
Bu gün, 17:55
10
“Gəncə İlməçi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri arasında mübahisə yaranıb.
Qaynarinfo-nun məlumatına görə, iş adamı Pərviz Salman oğlu Hacıyev məhkəməyə ərizə ilə müraciət edib.
Ərizəçi məhkəmədə bildirib ki, 2023-cü ildə “Gəncə İlməçi” MMC-nin təsisçilərindən Camaləddin Nurəddin oğlu İsmayılovla notariat qaydasında müqavilə bağlayıb. Alqı-satqı müqaviləsinə əsasən, C. İsmayılov “Gəncə İlməçi” MMC-dəki təsis payını Pərviz Hacıyevə satıb.
Bundan sonra “Gəncə İlməçi” MMC-nin yeni nizamnaməsi hazırlanıb. Alqı-satqı müqaviləsindən sonra Pərviz Hacıyev MMC-nin hesabına işlərin inkişaf etdirilməsi üçün 1 milyon 998 min 750 manat pul köçürüb.
“Gəncə İlməçi” MMC-nin digər təsisçisi Həsən Hüseyn oğlu Yaqubov maraqlı şəxs üzərinə öhdəlik götürüb ki, yeni paylara uyğun olaraq təsis payını Vergilər Departamentində qeydiyyata saldırsın. Lakin bu günədək sözügedən iş icra olunmayıb.
Hazırda ərizəçi tərəfindən cavabdehlərə pretenziya göndərilib. Pretenziyada müəyyən edilmiş müddət başa çatdıqdan sonra cavabdehlərə qarşı iddia qaldırılacağı bildirilir. İddiada “Gəncə İlməçi” MMC-nin nizamnaməsində dəyişiklik edilərək yeni paylara uyğun olaraq təsis payının Vergilər Departamentində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulması tələb ediləcək.
Məlum olub ki, C. İsmayılov “Gəncə İlməçi” MMC-yə məxsus “X1” ərazisində söküntü işləri aparır, həmçinin sökülən avadanlıqları kombinatın ərazisindən çıxarır.
Ərizəçi cavabdehin üzərinə “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılmasına, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş edib.
Məhkəmənin qərarı ilə cavabdehlər “Gəncə İlməçi” MMC-yə və Camaləddin Nurəddin oğlu İsmayılova “X1” ərazisində dağıntı və söküntü işlərinin aparılması, sökülən avadanlıqların kombinatın ərazisindən çıxarılması, həmçinin “Gəncə İlməçi” MMC-dəki təsis payının özgəninkiləşdirilməsi qadağan edilib.
Qeyd edək ki, C. İsmayılov Azərbaycanda metal məmulatlarının əridilməsi və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən, sonradan adı “AzeSteelCompany” ASC olaraq dəyişdirilən, keçmiş “Ekspress-C” ASC-nin əsas səhmdarı və sahibkarıdır.
Qaynarinfo
