"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
Gündəm / Sosial
Dünən, 18:51
19
Ağdaşda yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkən azyaşlı Əhəd Məhərrəmov ev şəraitində təhsil almaq istəsə də, buna şərait yaradılmır.
Bu barədə Bakupost.az -a onun atası Elşən Məhərrəmov bildirib.
Valideyn iddia edir ki, övladının vəziyyəti nəzərə alınaraq ev şəraitində təhsil alması üçün Ağdaş Rayon Təhsil İdarəsinə müraciət edib. Lakin müraciətinə müsbət cavab verilməyib:
“Araşdırdım, mənə deyildi ki, bu uşağa evdə təhsil düşür. Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm. Amma imtina verirlər. Deyirlər ki, hara istəsən, müraciət elə. Elm və Təhsil Nazirliyinin icazəsi olmalıdır. İstəyirəm ki, övladım təhsildən yayınmasın”.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Bakupost.az -a bildiriblər ki, müraciət araşdırılıb və hazırda uşaq evdə təhsilə cəlb olunmayıb. Səbəb kimi isə müvafiq sənədlərin təqdim edilməməsi göstərilib.
Rəsmi cavabda qeyd olunur ki, uşaqların fiziki və ya psixi inkişafında gerilik olduğu hallarda onların xüsusi təhsilə cəlb edilməsi qərarı yalnız müvafiq sənədlər əsasında rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyası (PTPK) tərəfindən verilir. Bu komissiyaya təqdim olunmalı sənədlər sırasında valideynin ərizəsi, tibbi arayış (Forma 27U və ya xəstəlik tarixçəsindən çıxarış), pedaqoji xasiyyətnamə, qiymət cədvəli, şəxsiyyət və qeydiyyat sənədləri yer alır.
Qurumun açıqlamasına görə, Əhəd Məhərrəmovun xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi üçün tələb olunan bu sənədlər təqdim olunmadığından PTPK tərəfindən müayinə aparılmayıb və nəticədə evdə təhsil məsələsi ilə bağlı rəsmi qərar verilməsi mümkün olmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.
BakuPost