BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

Gündəm / Sosial
Bu gün, 11:24 16

Parlamentdə, icra hakimiyyətlərində, nazirliklərdə, hüquq-mühafizə orqanları və s. qurumlarda bu universitetin diplomunu daşıyanlarların attestasiyasını kim aparacaq?

Vaxtilə Elşad Abdullayevin hakimiyyətdəki məlum korrupsiya əlaqələri sayəsində “ərsəyə gətirdiyi” və saxta diplom, keyfiyyətsiz təhsil, açıq rüşvət ocağı olmuş Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan təhsil sisteminə vurduğu ziyan hələ də özünü göstərməkdədir.

Bu gün Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: Peşəkar Müəllim – Keyfiyyətli Təhsil” mövzusunda keçirilən tədbirdə bir sıra maraqlı rəqəmlər açıqlayıb. Onun dediyinə görə, müəllimlərin attestasiyası nəticəsində 8 min müəllim bilik səviyyəsinin aşağı olması səbəbindən işdən azad edilib. O qeyd edib ki, xarici dil müəllimlərinin yalnız 12%-i sertifikat imtahanlarından uğurla keçib. Bir sıra ərazilərdə vəziyyət xüsusilə qorxuncdur. Belə ki, Astarada hər üç xarici dil müəllimindən birinin əmək müqaviləsinə attestasiyadan keçmədiyi üçün xitam verilib. Ümumilikdə proses başlayandan bu kateqoriyadan olan 1657 müəllim vəzifəsindən azad edilib.

Nəhayət, nazir onu da qeyd edib ki, riyaziyyat üzrə attestasiyada aşağı nəticə göstərən müəllimlərin 50%-i Beynəlxalq Universitetin məzunlarıdır.

Bu fakt növbəti dəfə Beynəlxalq Universitetin diplomunu daşıyanların bilik səviyyəsinin hansı vəziyyətdə olduğunu göstərir. Maraqlıdır ki, bu “universitet”in bağlanmasından uzun illər keçsə də təhsil sistemimiz onun “meyvələri”ndən bəhrələnməkdədir.

Lakin məsələ ondadır ki, Beynəlxalq Universitetin məzunları təkcə təhsil deyil, bütünlükdə dövlət idarəçilik sistemindədirlər. İcra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları, məhkəmələr və s. qurumlar həmin universitetin diplomunu daşıyanlarla dolub daşır. Elə parlamentin özündə bu universiteti bitirən nə qədər deputat olub və var. Təhsil sistemini başa düşdük, orada aparılan attestasiyalar belələrini müəyyən edib kənarlaşdırmağa imkan verir. Bəs, dövlət idarəçilik sistemindəki bütün bu “kadrlar”ın attestasiyasını kim aparacaq?

Ümumiyyətlə, Azərbaycandakı idarəçilik sistemi saxta diplomlu, ali təhsili şübhə doğuran şəxslərin müxtəlif vəzifələrə, dövlət qulluğuna götürülməsinə niyə indiyə qədər göz yumub? Təbii ki, əksər hallarda bu adamların diplomları kimi, işə götürülməsi prosesi də “korrupsiya dəyirmanı”ndan keçib...

Yeri gəlmişkən, qeyd edək ki, hazırda da ABU-nun “yolunu” davam etdirən universitetlər var. Belələrinin sırasında ən çox adı keçən Azərbaycan Kooperasiya Universitetidir. Azərbaycanda Elm və təhsil naziri başda olmaqla, bu universitetdə təhsilin və korrupsiyanın hansı vəziyyətdə olduğunu bilməyən yoxdur. Ancaq ABU-nun məzunlarından gileylənən nazir eyni vəziyyətdə olan sözügedən universiteti “görmür”. Ona görə də bilmək olmur, kimdən kimə şikayət edir? Uzun illərdir mətbuat bu universitetdəki rüşvətdən, özbaşınalıqdan, təhsilin bərbad vəziyyətindən yazmaqdan yorulub. Ancaq buna məhəl qoyan yoxdur.

Belə görünür ki, nə qədər ki, universitetin rektoru Eldar Quliyev parlamentin deputatı, Ağsaqqallar Şurasının sədridir, elə bu cür də davam edəcək və heç kim də ona “gözün üstə qaşın var” deməyəcək. Deməli, Azərbaycanda Elşad Abdullayev “irsi” belələrinin sayəsində yaşayır və yaşayacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”