Naxçıvanda quduzluq analizi üçün 600 manat rüşvət istəyirlər
Gündəm / Aktual
Bu gün, 09:03
209

Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıralaraq, 600 manata qaldırılıb. Bu analiz ev itlərini Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı və gömrüklərdə tələb olunur. Analizi həyata keçirən isə, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasıdır.
Yəni, 600 manatı vətəndaşlardan bu qurum tələb edir, lakin, alınan pula görə qəbz təqdim etmir. Bu haqda “Gündəlik Naxçıvan”a heyvan sahibləri məlumat veriblər.
Onlar deyirlər ki, əvvəl bu işi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti həyata keçirirmiş və analiz üçün onlardan 50-60 manat alırmışlar.
Yerli sakini Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyir:
“Bakıya bir başa quru yolu olmadığı üçün məcbursan itini-pişiyini təyyarə ilə aparasab. Bu zaman da bütün sənədlərlə bərabər quduzluq testini də istəyirlər. İşimə görə 6 ay Bakıda qalmalı idim. Naxçıvanda itə baxacaq kimsə yox idi. İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Etiraz etsəm də əhəmiyyət vermədilər. Dedilər ki, qayda budur. Hətta, 50 manat belə güzəşət etmədilər.
Dedilər ki, istəmirsənsə itini də götür buradan get. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil. Hüquq müdafiə orqanları bu məsləni diqqətdə saxlamalı və qanunsuzluqların qarşısı alınmalıdır. Əvvəl isə, bu analizə görə, 50-60 manat ödəyirdik”
Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə üzləşib:
“Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm. 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnsititutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Bu qədər insafsızlıq olmaz. Mütəxəsislərdən öyrəndim ki, otən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub.
3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi. Yalnız analizin nəticəsini verib, yola saldılar.”
Gündəlik Naxçıvan