Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”

Gündəm / Aktual
Bu gün, 18:15 10

Nərimanov Tibb Mərkəzinin həkimləri, tibb işçiləri və əməkdaşları redaksiyamıza müraciət edərək çalışma şəraiti və müəssisənin əvvəlki binasına köçürülməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
 
“Cebheinfo.az”a danışan şikayətçi Şəhla Piriyeva bildirib ki, Nərimanov rayonunda yerləşən 6 saylı Uşaq Xəstəxanasının binası uzun illər əvvəl, 1969-cu ildə inşa edilib və əsaslı təmir olunmadan istismar edilib:
 
“Artıq 4 ildən çoxdur ki, həmin binada Nərimanov Tibb Mərkəzi müvəqqəti fəaliyyət göstərir. Nərimanov Tibb Mərkəzinin əvvəlki binası - Fətəli xan Xoyski küçəsi 85 ünvanında yerləşən, 1970-ci ildə inşa edilmiş bina - əsaslı təmirə bağlanarkən bizə bildirildi ki, təmir işləri başa çatdıqdan sonra kollektiv yenidən öz binasına qayıdacaq.
 
Biz də illərlə bütün çətinliklərə məhz bu ümidlə dözdük. Bu müddət ərzində biz həkimlər və tibb personalı həm özləri, həm də pasiyentlər üçün son dərəcə ağır şəraitdə işləməyə məcbur olduq. Binanın sanitar qovşaqlarının vəziyyəti belə insan sağlamlığı baxımından ciddi narahatlıq doğurur.
 
Həkimlər pasiyentləri müayinədən sonra sidik analizi və digər tibbi prosedurlar üçün sanitar qovşaqlarına yönləndirərkən belə vəziyyətdən utanmaq məcburiyyətində qalırlar.
 
Bizim yenicə təmirdən çıxmış binamızın TƏBİB tərəfindən Pediatriya Mərkəzinin istifadəsinə verilməsi nəzərdə tutulur. Artıq oradakı tibbi avadanlıqları bizim müvəqqəti yerləşdiyimiz 6 Saylı Uşaq Xəstəxanasının binasına daşıyırlar”.
 
O qeyd edib ki, Nərimanov Tibb Mərkəzinin əməkdaşları bunun səbəbini anlamaqda çətinlik çəkirlər:
 
“Biz Pediatriya Mərkəzinin yaradılmasının və ölkəmizdə uşaqlar üçün müasir, böyük və beynəlxalq standartlara cavab verən tibb müəssisəsinin olmasının əleyhinə deyilik. Əksinə, bunun vacibliyini hamımız anlayırıq. Lakin sual yaranır:
 
Nə üçün bunun üçün məhz Nərimanov Tibb Mərkəzinin illərlə gözlədiyi, təmirinə illər sərf olunan və kollektivin geri qayıdacağını gözlədiyi bina seçilməlidir?
 
Biz illərlə 1970-ci ildən fəaliyyət göstərən və əsaslı təmirə ehtiyacı olan köhnə binada çalışmışıq. Daha sonra həmin bina təmirə bağlandığı üçün 1969-cu ildə tikilmiş, uzun müddət əsaslı təmir görməmiş başqa bir binaya köçürülmüşük. Biz bütün bu çətinliklərə səbr etdik.
 
Çünki düşünürdük ki, sonda təmir edilmiş, müasir və normal iş şəraitinə malik öz binamıza qayıdacağıq. İndi isə illərlə gözlədiyimiz bu qayıdışın baş tutmayacağı barədə məlumatların yayılması kollektivimizdə ciddi narahatlıq və haqlı suallar yaradıb.
 
Kollektivimiz arasında səsləndirilən söz-söhbətlərə görə, həkimlərin etirazlarının qarşısını almaq məqsədilə TƏBİB-ə bu qərarın guya “yuxarıdan” verildiyi bildirilib. Biz isə düşünürük ki, “yuxarıdan belə göstəriş verilib” ifadəsi həkimlərin narazılığını sakitləşdirmək və onların etirazlarının qarşısını almaq üçün ortaya atılıb. Biz həkimlərin fikrincə, yuxarı instansiyaların adından qeyri-rəsmi şəkildə istifadə edilməsi yolverilməzdir”.
 
O, TƏBİB-ə suallar ünvanlayıb:
 
“Nərimanov Tibb Mərkəzinin Fətəli xan Xoyski küçəsi 85 ünvanındakı binasının təmiri başa çatıbsa, kollektiv nə vaxt həmin binaya köçürüləcək? Bizim xəstəxananın binası Pediatriya Mərkəzinə verilərkən Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının və Nərimanov rayon sakinlərinin maraqları nəzərə alınıbmı?
 
Nərimanov Tibb Mərkəzinin və orada çalışan heyətin hansı binada və hansı şəraitdə fəaliyyət göstərməsi planlaşdırılır? Biz TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin ümumi və şablon xarakterli cavabını deyil, TƏBİB rəhbəri tərəfindən rəsmi olaraq suallarımıza konkret cavablar gözləyirik”.
 
Ş. Piriyeva vurğulayıb ki, söhbət yalnız bir binadan getmir:
 
“Söhbət illərdir ağır şəraitdə həm pandemiya, həm də Vətən müharibəsi dövründə çalışan həkimlərdən, tibb personalından və hər gün tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinə müraciət edən minlərlə vətəndaşdan, qazilərimizdən gedir.
 
Biz hesab edirik ki, illərlə çətin şəraitdə çalışan kollektivimizin öz binasına qayıtmaq ümidi ən azı ciddi şəkildə nəzərə alınmalıdır. Biz sadəcə illərlə gözlədiyimiz normal iş şəraitinin və öz binamıza qayıtmaq hüququmuzun taleyini bilmək istəyirik”.
 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir:
 
“Bu proses çərçivəsində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, ayrı-ayrı xidmətlərin daha səmərəli təşkili və səhiyyə sisteminin mövcud ehtiyaclarına uyğun inkişaf istiqamətləri qiymətləndirilir. Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir.
 
Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdən keçirilir. Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də bu ümumi proses çərçivəsində dəyərləndirilir ”.
 
Qurumdan, həmçinin qeyd edib ki, hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı hər hansı yekun qərar qəbul edilməyib:
 
“Gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyəti qaydada məlumatlandırılacaq”.
 
“Cebheinfo.az”