Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"

Gündəm / Aktual
Bu gün, 16:48 10
 Azərbaycanda notariat kontorlarının fəaliyyəti uzun illərdir vətəndaşların ən çox müraciət etdiyi hüquqi xidmət sahələrindən biridir. Alqı-satqı, vərəsəlik, etibarnamə, daşınmaz əmlak və digər mühüm hüquqi əməliyyatların böyük hissəsi ədətən notariat vasitəsilə rəsmiləşdirilir. Lakin notariat sistemi həmişə indiki formada olmayıb. Bizimesr.media xəbər verir ki, bir neçə il əvvələ qədər ayrı-ayrı notariat kontorlarının fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar, qeyri-rəsmi ödənişlər, sənədləşmə zamanı əlavə məbləğlərin tələb olunması və müəyyən əməliyyatların həyata keçirilməsi üçün vətəndaşların uzun müddət gözləməsi kimi məsələlər ictimai müzakirələrdə tez-tez gündəmə gəlirdi. Lakin notariat kontorlarının fəaliyyətinin sistemləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, xüsusi notariat institutunun inkişaf etdirilməsi və notariusların fəaliyyətinin müəyyən müddətə verilən şəhadətnamə əsasında həyata keçirilməsi ilə vəziyyətin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdirib. Başqa sözlə, illər əvvəl notariat sahəsində müzakirə olunan bir sıra problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb.Amma bu, bütün sualların artıq geridə qaldığı anlamına gəlirmi? Görünür, bəzi hallarda hələ də diqqət çəkən məqamlar qalmaqdadır.Məsələn, Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimovun maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiyi iddia olunur. Redaksiyaya daxil olan məlumata görə, Kərimov notariat sahəsində uzun illər fəaliyyət göstərən hüquqşünasdır. O, Bakı şəhərində fəaliyyətə başlamazdan əvvəl Şirvan şəhərində notarius kimi çalışıb. Hazırda isə Nərimanov rayonunda yerləşən 21 saylı notariat ofisinin xüsusi notariusu kimi fəaliyyət göstərir.Məlumata görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, sahəsi təxminən 100 kvadratmetr olan bir əmlakın alqı-satqısı zamanı maraqlı vəziyyət yaranıb. Sözügedən əmlakın real satış qiymətinin təxminən 1,5 milyon manat olsa da, əmlakın rəsmi sənədlərində göstərilən qiymətin faktiki satış məbləğindən xeyli aşağı olması alqı-satqının ilkin mərhələdə rəsmiləşdirilməsinə maneə yaradıb.Belə ki, qiymətləndirmə və sənədləşmə ilə bağlı məsələ həll olunmadan müqavilənin təsdiqlənməsi mümkün olmayıb. Bundan sonra isə məsələ bir neçə gün müzakirə olunub. İddialara görə, prosesin sonrakı mərhələsində məsələnin həllində 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimovun rolu böyük olub, daha doğrusu, bu problemi həll edib. Nəticədə əvvəlcə təxminən milyon manatdan çox olan əmlakın daha aşağı məbləğlə alqı-satqısı rəsmiləşdirilib.Burada əsas diqqət çəkən məqam əmlakın satılıb-satılmaması deyil. Əsas məsələ milyon yarımlıq olduğu bildirilən əmlakın hansı qiymətlə və hansı əsasla rəsmiləşdirilməsidir. Əgər əmlakın real bazar qiyməti 1,5 milyon manat civarındadırsa, onun sənədlərdə daha aşağı qiymətlə göstərilməsinə hansı əsasla imkan verilib?İlkin mərhələdə alqı-satqının qarşısını alan problem sonradan necə həll olunub? Daxil Kərimovun uzun illik notariat təcrübəsinə malik olması da məsələnin diqqətdən kənarda qalmamasını şərtləndirir. Əlbəttə, sözügedən alqı-satqı ilə bağlı səslənən məlumatların hüquqi baxımdan qiymətləndirilməsi üçün əməliyyata dair sənədlərin və aidiyyəti qurumların mövqeyinin ortaya qoyulması vacibdir.(Bizimesr.media) Qarşı tərəfin mövqeyi dərc olunacağı halda yazıya əlavə ediləcək.