Yeni ilin ilk günləri
Gündəm / Cəmiyyət
6-01-2026, 15:39
874

Heç kim deyə bilməz ki, bu ilk yeni il dövrü həyəcansız, sakit, düşünmədən keçib.
Yer üzündə nə qədər insan varsa, bir o qədər həyəcanlı çırpıntılar olur.
İnsanlar doğum günlərində belə bu qədər həyəcan keçirmirlər.
Məncə, bu həyəcan ilahi duyğuların birgə uyğun təmasından doğur. Arzular sevincə, sevinclər ümidlərə, ümidlər təsəlliyə, təsəlli şənliyə, şənliklər fərəh yağışına dönür.
Ömrümüzün ən əlamətdar günü olan yeni ilin gəlişi kədərli insanların belə qəlblərinin çırpıntısını həyəcansız, təlatüm titrəyişi olmadan keçirmir.
Ömrümüz, həyatın önəmli dövrləri, yaşımız, yaşantılarımız illərlə yadda qalır, illərlə xatırlanır deyə, hər yeni il hesabatlarla başlanır. Qəlb hesabatları, dövrü, milli, sosial, rəsmi hesabatların ən önəmli tarixi...
Yeni ilə keçən arzular da, planlar da, əməllər də ümidlərə işıq verir.
Nə qədər bədbin danışanlar olsa da, onların da qəlblərində ümid işığı sönmür.
Əlillər belə nə bacarıqları varsa onların köməyi ilə mümkün olanı həyata keçirməyə ümid bəsləyirlər.
Ümidlər heç vaxt sönmür, çünki onların reallıqla qovuşmalarının sayı-hesabı yoxdur. Əlbəttə ki, təkbaşına yox, bacarıqların savaşı ilə...
Bu savaş hər hansı halda yeni əməl, yeni yaranış mənbəyidir. Həyatımızın təməli, inkişafı, gözəlliyidir.
İndi bütün tapıntılar, yaradılışlar, düşüncələr sakit, əziyyətsiz, rahat həyat tərzinə doğru yürüyür.
Buna inanmayanlar da, bununla razılaşanlar da var, razılaşmayanlar da...
Bəziləri bütün günü işləmək istəyir, bəziləri isə bütün günü yatmaq və kef çəkmək...
Məncə həyat nə işsiz, nə də kefsiz insani maraq daşımır.
Bunlara el arasında qoyulan kobud adları yada salmaq istəmirəm. Hər kəsə məlumdur.
Mədəni, elmi dildə desək, iş də, əyləncə də ayrılıqda insan varlığını məhv edir, birgə yaşam konspektinə çevrildikdə, düzgün həyat paylaşımında olduqda gözəl, maraqlı, sevimli ömür yoluna çevrilir.
Hər ikisi ilə razılaşmayanları isə bədbin hesab edirəm.
Bunun da çarəsi olmadığını fikirləşənlərlə razı deyiləm.
Daxili dünyamızın pis fikirlərindən uzaq olması üçün daim sevdiyimiz və bizi sevən insanların yanında olmalıyıq.
Sevgi, əyləncə, gözəl düşüncələr imtahan dünyasındakı qələbəmizdir.
Sənubər Səhər