Təcrübə ilə öyrənilən həyat…
Gündəm / Cəmiyyət
8-01-2026, 15:30
1 718

.. artıq istiqamətini dəyişir.
Yeniliklər bütün istiqamətlərdə biliklərə yeni yollar açır. Eyni zamanda, bir çox insanın bacarıqlarını robotlar əvəz etməyə başlayır. İnkişaf bəzən təcrübəni və əziyyəti inkar edir. Buna düzgün və real qiymət vermək isə getdikcə çətinləşir.
İşsiz qalacaq insanların gələcək məşğuliyyəti və dolanışıq yolları hələ də məlum deyil. Bütün bu suallara dəqiq cavab verə bilən olmadığından, təcrübənin yoxluğu hər birimizi şəxsi düşüncələrimizə, bacarıqlarımıza və arzularımıza uyğun yeni yol tapmağa vadar edir.
Hələ ki dolanışıq yolunu itirməyənlərin çoxu bu düşüncələrdən yararlana bilmir. Buna baxmayaraq, ümidlər tam itirilməyib. Mövcud inkişaf yolunun, işsiz qalacaq insanlar üçün də uyğun standartlarla istiqamətləndirilməsi mümkündür. Yəqin ki, onu da bizim üçün robotlar tapacaq…
Robotların insan fikirlərinə sirayət edəcək qədər inkişaf etməsi insanlığı yox edəcəkmi? Yoxsa insan–robot savaşı başlayacaq? Əlbəttə ki, robotlarla yox, bəlkə də onları yaradan insanlarla…
Sizcə, artıq gec deyilmi? Ümidlər də yox olacaqmı?
Məncə, robotlar nə insan varlığını, nə də insan düşüncəsini məhv edə bilməz. Allahın yaratdıqlarını insanların yaratdıqları ilə müqayisə etmək mümkün deyil. Bu, müvəqqəti bir “savaş”dır. Bir zaman o da təcrübəyə çevriləcək.
Həyatın sonsuz təkamülü bizə hələ bilmədiklərimizi aşkar edəcək. İnsanlar hələ də öz bacarıqlarına tam yiyələnməyiblər, dünyanın qaranlıq bucaqlarının sirrini aça bilməyiblər. Gündəlik yaşamın anlamından kənara çıxmaq istəməyənlər isə çoxluq təşkil edir.
Bu gün insanların əsas arzuları sadədir: yaxşı geyinmək, gəzmək, əylənmək, sevdikləri ilə xoş günlər keçirmək, istədiklərini yeyib-içmək, xəstələnməmək. Bir də müharibə olmasın, pis əməllər baş verməsin.
Bu arzuların gerçəkləşdiyi günlər olur, amma hər kəs üçün fərqli şəkildə. Bəs robotlar bu arzuların həyata keçməsinə kömək edəcəkmi? Bu sualın da hələ cavabı yoxdur. Çünki təcrübə hələ mövcud deyil.
Artıq müharibələr də təcrübəyə əsaslanmır. Neçə illərdir insanlar dünya müharibəsi qorxusu ilə yaşadılır. Azərbaycan isə Amerikanın himayəsi altına keçib. Heç kim gələcəkdə nələrin baş verəcəyinə qəti cavab verə bilmir.
Hər bir xəbər xüsusi siyasi məna daşıyır. İnsanları qorxu içində yaşatmaq hansı məqsədə xidmət edir? Siyasətçilərin bütün suallara cavabları var, lakin bu cavabların 90 faizi inandırıcı deyil, düzgün deyil. Bunu da təcrübə sübut edir.
Deməli, təcrübə hələ də yaşayır.
Sənubər Səhər