Rayonlarda odun sobası, masada "SÜNİ İNTELLEKT": Nazirliyin bu layihəsi KİMƏ LAZIMDIR?
Gündəm / Təhsil
Bu gün, 15:39
12

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar, xüsusilə Microsoft ilə birgə tətbiq edilən süni intellekt əsaslı köməkçi layihəsi geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu təşəbbüs həm ciddi texnoloji imkanlar yaradır, həm də sistemli riskləri gündəmə gətirir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi süni intellekt köməkçisi həm böyük potensial, həm də ciddi sistem riskləri daşıyır.
Onun sözlərinə görə, layihənin bütün şagirdlər üçün bərabər imkanlar yaradacağı indiki şəraitdə real görünmür:
“Çünki regionlarda bərabər imkanlar mövcud deyil. Hətta paytaxt Bakının bir çox məktəbində normal internet təminatı yoxdur, rayonlarda isə həm kompüter çatışmazlığı, həm də sürətli internetə çıxış problemi hələ də həllini gözləyir. Bu infrastruktur fərqləri aradan qaldırılmazsa, layihə paytaxtla bölgələr arasındakı rəqəmsal uçurumu daha da dərinləşdirəcək”.
Ekspert qeyd edib ki, süni intellektin effektivliyi müəllimlərin rəqəmsal bacarıqlarından birbaşa asılıdır:
“Müəllim bu aləti tədris prosesinə düzgün inteqrasiya edə bilməsə, texnologiya sadəcə formal yenilik olaraq qalacaq. Digər tərəfdən, şagird məlumatlarının qlobal sistemlərdə saxlanılması kiber-təhlükəsizlik və məxfilik məsələlərini ön plana çıxarır. Eyni zamanda, məzmunun milli kurikulum standartlarına tam uyğunluğu üçün ciddi nəzarət mexanizmi mütləqdir”.
Şəmsi Qoca vurğulayıb ki, ən böyük koqnitiv risk şagirdlərin süni intellektə “hazır cavab mənbəyi” kimi yanaşmasıdır:
“Bu, tənqidi təfəkkürün zəifləməsinə, zehni tənbəlliyə və sosial izolyasiyaya yol aça bilər. Layihənin uğuru texnologiyanın özündən çox, onun tətbiq olunduğu mühitin və kadr potensialının real hazırlıq səviyyəsindən asılı olacaq”.
Yenicag.az
Samir Məcid