Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı

Gündəm / Aktual
Bu gün, 17:11 15
Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı

Naxçıvanda yüksək vəzifəli şəxslərlə bağlı başladılan istintaq prosesi yeni mərhələyə keçir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun həbsi ilə gündəmə gələn mənimsəmə ittihamları artıq daha geniş çevrəni əhatə edir. İddialara görə, proses çərçivəsində Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də istintaqa cəlb olunub.

Bununla yanaşı, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovla bağlı da müəyyən məlumatlar dolaşır. Belə ki, onun barəsində içki məclislərində vəzifə payladığı iddiaları yayılıb. V.Qurbanovun ciddi pozuntulara yol verdiyi də istisna edilmir.

Adları çəkilən şəxsləri bundan sonra nə gözləyir? Həm real vəziyyət, həm də qanun baxımından onların aqibəti necə ola bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, məsələ ilə bağlı məlumatlar artıq mətbuatda yayılıb və Naxçıvanda çalışan şəxslər heç bir halda müstəsna və ya toxunulmaz hesab edilə bilməzlər:

“Əgər qanuna və hüquqa zidd addımlar atılıbsa, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb ediləcək. Xüsusilə də söhbət burada qanunsuz fəaliyyət, rüşvətxorluq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardan gedirsə. Əgər bu cür faktlar Naxçıvanda baş veribsə, adı çəkilən şəxslərlə yanaşı, digərləri də prosesə cəlb oluna bilər. Çünki söhbət Azərbaycanın muxtar ərazisi olan Naxçıvanda böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və dövlət büdcəsinə zərər vurulmasından gedir. Eyni zamanda, pandemiya dövründə səhiyyə sahəsində yaradılmış yeni quruma – TƏBİB-ə rəhbərlik etmiş şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar səslənirsə və bu faktlar təsdiqini taparsa, təbii ki, sərt cəzaların tətbiqi qaçılmaz olacaq. Çünki burada dövlət büdcəsinin talan edilməsindən danışılır”.

X.Bəşirov əlavə edib ki, məsələ yalnız ayrı-ayrı epizodlarla məhdudlaşmaya bilər:

“Burada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maraqlar zəminində kadr təyinatlarının aparılmasından da söhbət gedir. Əgər TƏBİB-ə rəhbərlik etmiş şəxsin barəsində deyilən fikirlər və ortaya çıxan faktlar reallığı əks etdirsə, onun dövründə vəzifəyə təyin olunan şəxslərin də araşdırmaya cəlb edilməsi mümkündür. Düşünürəm ki, bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində dövlətin növbəti genişmiqyaslı addımlarından biri olacaq”.

Xəyal Bəşirov deyib ki, proses çərçivəsində həm yüksək vəzifə tutmuş, həm də hazırda vəzifədə çalışan şəxslərin məsuliyyətə cəlb olunması mümkündür:

“Baş verənlər digərləri üçün də ciddi mesaj olmalıdır. Bu gün vəzifədə olan şəxslərin etimadı doğrultmaması, xüsusilə də dövlət başçısının etimadını sarsıtması cəmiyyətdə müsbət qarşılanmır. Gələcəkdə həmin vəzifələrə təyin olunacaq və ya hazırda bu vəzifələri icra edən şəxslər səlahiyyətlərinə daha məsuliyyətli yanaşmalıdırlar. Əks halda, heç kim məsuliyyətdən yayınmayacaq”.(Globalinfo.az)