"Birmarket" mebel şirkətini 50 min ziyana salıb
Gündəm / Sosial
Bu gün, 16:27
23
Bakıda fəaliyyət göstərən mebel şirkəti "Birmarket" mağazalar şəbəkəsi ilə əməkdaşlıq zamanı ciddi problemlərlə üzləşdiklərini iddia edir. Redaksiyamıza müraciət edən şirkətin təmsilçisi Fuad Mirzəyev bildirib ki, artıq bir ildən çoxdur davam edən əməkdaşlıq müddətində geri qaytarılan məhsulların sayı artıb. Problem ondadır ki, müştərilər tərəfindən sınıq və zədələnmiş mebellərlə bağlı şikayətlər çoxalıb.
Şikayətçinin bildirdiyinə əsasən, vəziyyətin səbəbini araşdırmaq üçün anbara baş çəkərkən dəhşətli vəziyyətin şahidi olub. Belə ki, məhsulların daşınma və saxlanma şəraiti qənaətbəxş və qaydalara uyğun olmayıb. Onun iddiasına görə, mebellər uyğun qaydada daşınmadığı üçün zədələnir və nəticədə yararsız vəziyyətə düşür. Müştərilər də bundan narazılıq edərək məhsulları geri qaytarır. Bu isə şirkəti böyük maddi zərərə salır və gələcək fəaliyyəti ciddi təhlükə altında qoyur. Vətəndaş, həmçinin qeyd edib ki, sonradan heç bir rəsmi səbəb göstərilmədən onların əməkdaşlığı dayandırılıb və şirkətin əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Belə ki, "Birmarket" mebel şirkətini "qara siyahı"ya salıb, əlaqə yaradılmasına imkan vermir.
Beləliklə, həm də şirkətə dəyən ziyanı kompensasiya etməkdən yayınır. Onun sözlərinə görə, baş verənlər nəticəsində şirkətə 50 min manatdan artıq maddi ziyan dəyib. Bu isə şirkətin fəaliyyətini ciddi surətdə əngəlləyir. Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edəcək. (Bakufakt.az)
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
