AAYDA-ya ayrılan büdcə pulları qohumlar arasında bölüşdürülüb... - İLGİNC FAKTLAR
Gündəm / Sosial
Bu gün, 09:41
18

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Həmin proseslərin fonunda Saleh Məmmədov vəzifəsindən azad edilsə də, iddialara görə, onun dövründə formalaşmış idarəetmə mexanizmləri agentliyin bəzi strukturlarında hələ də davam etdirilir.
Tribuna.az-ın araşdırmasına əsasən, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Magistral Yol” MMC-nin rəisi Azadəli Azadəliyevdir. O, daha əvvəl “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb. Azadəli Azadəliyev yeni vəzifəyə təyin olunduqdan sonra öz yerinə həmin quruma Məzahir Mahmudovu rəhbər gətirib.
Əldə etdiyimiz məlumatlara görə, Azadəli Azadəliyevə müxtəlif tenderlər verilir. Onun asfalt zavodu olmadığı halda asfalt örtüyü işlərində iştirak etdiyi və bu istiqamətdə maliyyə vəsaitləri aldığı bildirilir. Həmçinin qeyd olunur ki, Bakı–Quba yolu üzrə məsul şəxs olduğu halda, Hökməli qəsəbəsi ərazisində də asfaltlama işləri aparır.
Etibarlı mənbələrdən aldığımız məlumata əsasən, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məzahir Mahmudov faktiki olaraq Azadəli Azadəliyevin nəzarəti altında fəaliyyət göstərir. Bildirilir ki, Azadəli Azadəliyev AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qohumudur və bu münasibətlərin maliyyə qərarlarına təsir göstərdiyi iddia olunur.
Eyni zamanda, “saxlanma xərcləri” adı altında milyonlarla manat vəsait ayrılır və həmin vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Həmçinin “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də texnikaların kirayəyə verildiyi, bunun isə dövlət büdcəsinə zərər vurduğu bildirilir.
İşçilərin sözlərinə görə, Azadəli Azadəliyev bir müddət iş fəaliyyətini Novxanı ərazisində yerləşən restoran və otellərdən idarə edib. Son struktur dəyişikliklərindən sonra isə onun daha tez-tez idarədə göründüyü qeyd olunur.
Bundan başqa, Azadəli Azadəliyev müxtəlif idarələrdə özünə yaxın şəxsləri vəzifəyə yerləşdirib. Misal olaraq, AAYDA-da Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutan Elşən Cəfərovun da onun kadrı olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə həmin idarəyə Azadəli Azadəliyev rəhbərlik edib.

Həmçinin AAYDA-nın balansında olan yüzlərlə nəqliyyat vasitəsi kirayəyə verilərək milyonlarla manat gəlir əldə edilir. Halbuki həmin texnikaların respublikanın avtomobil yollarına xidmət etməli olduğu vurğulanır.
Maliyyə Nazirliyi tərəfindən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də araşdırma aparılacağı təqdirdə, ayrılmış vəsaitlərin həcmi və istiqaməti barədə daha detallı məlumatlar üzə çıxa bilər.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb.
İrəli sürülən iddiaların ciddiliyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılmasının vacibliyi vurğulanır. Rəsmi yoxlama həyata keçiriləcəyi təqdirdə, səsləndirilən məsələlərə hüquqi qiymət verilə və ictimaiyyətə ətraflı məlumat təqdim oluna bilər.
Tribuna.az