Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?

Gündəm / Sosial
Bu gün, 15:00 8

Son günlər ölkənin əsas marketlərində narahatlıq doğuran yeni bir tendensiya müşahidə olunur. Qida məhsullarının üzərində istifadə müddətinin bitməsinə hələ bir neçə gün qaldığı göstərilsə də, həmin məhsulların artıq iyləndiyi, kifləndiyi və bəzən istifadəyə yararsız hala düşdüyü barədə iddialar artır.

Bu vəziyyət bazarda yeni bir problemin başlandığını göstərir. Əvvəllər daha çox istifadə müddəti bitmiş məhsulların satışda qalması ilə bağlı narazılıqlar səslənirdisə, indi vəziyyət daha da fərqli xarakter alıb. Artıq məhsulun üzərində istifadə müddəti bitmədən onun xarab olması, iylənməsi, kiflənməsi və hətta qurd basması halları gündəmə gəlir. Qeyd olunur ki, bu hallar əsasən yerli istehsal məhsullarında daha çox müşahidə edilir.

Bu gün satış şəbəkələrində qurulan sistem belədir ki, hər bir şirkət öz məhsullarını marketlərdə özünə aid hissəyə düzmək, onları nəzarət altında saxlamaq üçün işçilər saxlayır. Həmin işçilərin əsas vəzifəsi vaxtı keçmiş məhsulları satışdan çıxarmaq, rəflərdə səliqəli görünüşü təmin etmək və məhsul dövriyyəsini izləməkdir.

Lakin məhsulun üzərində istifadə müddəti bitmədiyi halda problem nə market rəhbərliyinə, nə də həmin şirkətin nümayəndəsinin məsuliyyətinə aid edilir. Market rəhbərliyi bildirir ki, məhsulun istifadə müddəti bitməyib, şirkət işçisi də eyni mövqeni sərgiləyir. Beləliklə, ortada ciddi bir sual yaranır - bu halda günahkar kimdir?

Cavab aydırndır, istehsalçı.

Əgər məhsul istifadə müddəti bitmədən xarab olursa, bu, ilk növbədə istehsal prosesində, qablaşdırmada və ya saxlanma qaydalarında ciddi problem olduğunu göstərir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan əsas qurum isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Qida Təhlükəsizliyi Agentliyi istehsal müddətindən başlayaraq məhsulun necə hazırlandığına, necə qablaşdırıldığına, necə daşındığına və nəhayət istehlakçıya çatana qədər bütün mərhələlərə nəzarət etməlidir. Yəni nəzarət yalnız bazarda və ya marketdə başlamamalı, məhsulun istehsal xəttindən çıxış anından etibarən davam etməlidir.

Əsas məsələ də məhz budur: məhsulun təmiz və yararlı şəkildə istehsal olunmasına nə dərəcədə nəzarət edilir? Qoşqar Təhməzlinin rəhbərlik etdiyi sistem işləyirmi?

Mövcud vəziyyət fonunda Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bu sistemi nə dərəcədə qura bildiyi sualı da aktuallaşır. Qurumun demək olar bütün rayonlarda nəzarətçiləri və işçiləri var. Məhsul istehsal edən şirkətlərə yerində nəzarət olunmalı, istehsal prosesi davamlı monitorinq altında saxlanılmalıdır. Əgər bu nəzarət doğrudan da işləkdirsə, o zaman nədən məhsullar istifadə müddəti bitməmiş xarab olur, iylənir və kiflənir? Bu sualın cavabı hələ də aydın deyil.

Ya məhsulun istifadə müddətini göstərən bildirişlər qanunsuz şəkildə yenilənir, ya da məhsulun özü düzgün istehsal olunmur. Hər iki halda nəticə eynidir - istehlakçı aldadılır, bazara isə keyfiyyətsiz məhsul çıxır.

Bu gün marketlərdə yaranan vəziyyət artıq adi bir satış problemi kimi görünmür. Bu, istehsaldan satışa qədər uzanan zəncirdə ciddi nəzarət boşluğunun olduğunu göstərir. Əgər məhsul istifadəyə yararlı tarix bitmədən xarab olursa, bu sistemin haradasa sındığını sübut edir.

Nəticədə isə heç kim məsuliyyət daşımır. Market məsuliyyəti istehsalçıya yönəldir, istehsalçı marketi göstərir, Qida Təhlükəsizliyi Agentliyi isə sadəcə gün keçirir. İctimaiyyət isə hər gün xarab qida yeyir.

Bizimesr.com