Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Gündəm / Aktual
Bu gün, 13:24
8
Bakının ən baxımsız və bərbad vəziyyətdə olan rayonu Suraxanıdır desək yanılmarıq. Paytaxtın digər rayonları da problemlərdən tam azad olmayıb. Amma məsələn, Xətai, Sabunçu, Nəsimi, Nizami və başqaları ilə müqayisədə Suraxanı rayonu Əfqanıstana, Suriyaya oxşayır. Adil Əliyevin rayona icra başçısı təyin edilməsindən sonra da dəyişən heç nə olmayıb. Anaxeber.info.az bildirir ki, əksinə, Suraxanı rayonu xarabalığa çevrilməkdədir. Hazırda rayonda ən adi problemlər də həllini tapmayıb. Onlardan biri sakinlərin xeyli vaxtdır ki, şikayət etdiyi işıqlanmadır. Rayonun xüsusən Yeni Günəşli ərazisində işıqlanma olmadığı üçün avtomobil qəzaları tez-tez olur. Əslində, müasir dövrdə, Azərbaycanın dünyaya enerji satdığı zamanda Yeni Günəşlinin qaranlığa qərq olması absurd mənzərədir. Sakinlərin dəfələrlə şikayət etməsinə, telekanalların məsələni işıqlandırmasına baxmayaraq, Suraxanı rayon rəhbərliyi heç bir iş görmür, əlini ağdan qaraya vurmur. O zaman Prezident İlham Əliyev Adil Əliyevi nə üçün bu rayona nümayəndə təyin edib? Adil Əliyev bir icra başçısı kimi məsuliyyətini bildiyi halda, nə üçün vəziyyətdən narahat olmur? Doğrudanmı rayon rəhbəri axşam saatlarında avtomobili ilə Yeni Günəşlidən keçməyib və bu zülməti görməyib? Axı bu adi məsələdir, qısa müddətdə həll etmək olar?! Sanki bu ərazi neft-qaz, enerji şəhəri, "yaşıl enerji" layihələri icra edən Azərbaycanın bir ərazisi deyil. Halbuki bu şəhərdə COP29 və digər tədbirlər keçirilib, Bakının şəninə təriflər yağdırılıb. Amma gəlib bu şəhərin ucqar olmayan bir ərazisinə baxsınlar və görsünlər ki, bura Bakıdır, yoxsa Hələb şəhəridir...
Bundan əlavə, Suraxanı rayonunda, xüsusən Yeni Günəşlidə yollar bərbaddır. Bu yollardan ancaq at-araba ilə keçmək yaxşıdır. Çünki avtomobillər texniki nasazlığını itirir və bu vəziyyət də Adil Əliyevi narahat etmir. Yəni texnologiya əsrində şəhərin Yeni Günəşli ərazisi işıqlanma və yolsuzluq dərdi çəkir, sanki əhali Afrikanın geridəqalmış bir bölgəsində məskunlaşıb. Bəs bu işıqlanma və yollara ayrılan maliyyə vəsaiti hansı istiqamətə xərclənib?
Ən çox ikrah doğuran məqam isə budur ki, Adil Əliyev və Suraxanı İH haqda mənfi fikir bildirəndə, "trol dəstəsi" dərhal sosial şəbəkələrdə peyda olur. Onlar Suraxanı icra başçısını elə "sidq-ürəklə" müdafiə edir ki, sanki qohum-əqrəbalarıdır. Sonda isə trolların əksəriyyətinin yaşayış yerinin Suraxanı olmadığı üzə çıxır. Belə desək, təlimat almış qırğılar tökülüşür tənqid yazılan səhifələrə, Adil Əliyevi müdafiə edirlər. Amma bu dəstək kampaniyası rayonun problemlərini həll etmir. Heç Adil Əliyevin də bu trol dəstəsinə ehtiyacı olmamalıdır. Əgər həqiqi təqdir və alqış eşitmək istəyirsə, gəlib problemlərin həllinə köməklik etsin, qoy sakinlər səmimi şəkildə ona təşəkkür bildirsinlər. Ancaq problemlər göz deşir, Adil Əliyev isə trollar vasitəsi ilə onları malalamağa çalışır. Bu isə rayonda ona olan münasibəti müsbət mənada dəyişə bilməz.
Ümumiyyətlə, Yeni Günəşlidə yol, işıq, səliqə - sahman, abadlıq işləri həllini tapmasa, sakinlərin icra başçısından narazılığı getdikcə artacaq. Bu da prezidentə şikayətlərin çoxalması deməkdir. Prezident isə icra başçılarına xalqla işləməyi tapşırıb.
Ancaq Adil Əliyevin fəaliyyəti Suraxanı ərazisində nəzərə çarpmır. Onunla yanaşı müvafiq qurumlar da vəzifələrini yerinə yetirmirlər. Bu da rayonun baxımsız vəziyyətə düşməsinə gətirib çıxarıb. Hərçənd bu müddət ərzində ayrılan vəsaitlərlə çox işlər görmək olardı. Bəs bu pullar hara gedib? Sakinlər həm də hüquq-mühafizə orqanlarını Suraxanı İH-də araşdırma aparmağa çağırır...
Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Anaxeber.info.az
Azər Talıbov
