Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar

Gündəm / Aktual
Bu gün, 12:23 9

Ağsu rayon bazarında avtomobillərin girişindən qanunsuz vəsait toplanması ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.

Vətəndaşların iddiasına görə, bazarın giriş hissəsində avtomobillərin əraziyə daxil olması üçün pul tələb edilir. Lakin həmin ödənişin hansı əsasla, hansı qurum tərəfindən və hansı qanunvericiliyə uyğun olaraq həyata keçirildiyi barədə heç bir açıqlama verilmir.

Redaksiyamıza göndərilən görüntülərdə bazarın girişində olduğu bildirilən şəxslə vətəndaşlar arasında mübahisəli anlar əks olunub. İddialara görə, həmin şəxs pul tələb edilməsinin səbəbini izah etməyib və vətəndaşların suallarına sərt şəkildə cavab verərək onları bazara buraxmayıb.

Vətəndaşların sözlərinə görə, özünü bazarın girişində məsul şəxs kimi təqdim edən şəxs “pul vermirsən, məndə sizi buraxmıram, hara istəyirsiniz deyin” deyən şəxslərə qarşı kobud davranıb və məsələnin araşdırılması üçün müraciət edən şəxslərin girişinə mane olub.



Maraqlıdır ki, əgər sözügedən ödəniş rəsmi əsaslarla həyata keçirilirsə, bu zaman həmin vəsaitin hansı xidmət qarşılığında alındığı, ödənişin kim tərəfindən müəyyənləşdirildiyi və vətəndaşa hər hansı qəbz və ya rəsmi sənəd təqdim olunub-olunmadığı sual doğurur.
Qanunvericiliyə əsasən, sahibkarlıq subyektlərində və ictimai yerlərdə istənilən ödənişlər hüquqi əsaslara söykənməli, şəffaf şəkildə həyata keçirilməlidir. Qeyri-rəsmi pul tələbləri isə qanunvericilik qarşısında məsuliyyət yarada bilər.

Məsələ ilə bağlı Ağsu bazarının rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

BnTv.az