İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?

Gündəm / Aktual
Bu gün, 12:45 6

Azərbaycan Respublikasının birinci Yitse Prezidenti
Hörmətli Mehriban xanım Əliyevaya
Ağayev Zabit Xanverdi oğlunun
Müraciəti.
Hörmətli Mehriban xanım!
Mən, Masallı rayonu, Əminli kənd sakini Ağayev Zabit Xanverdi oğlu, 27 yanvar 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qazma İşləri Trestində 6-cı dərəcəli maşinist vəzifəsində çalışmışam. 34 il ərzində neft sənayesində vicdanla və qüsursuz çalışmış, əmək fəaliyyətim dövründə hər hansı ciddi intizam pozuntusuna yol verməmişəm.
Lakin 31 mart 2026-cı il tarixində heç bir qanuni əsas göstərilmədən mənə bildirildi ki, çalışdığım ştat vahidinə başqa bir şəxs təyin olunub və özümə başqa iş yeri tapmalıyam. Mənə açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən azad ediləcəyəm.
Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati təzyiq və hədələrin nəticəsində yazılmışdır.Məni xüsusilə narahat edən məqamlardan biri də odur ki, bu qanunsuzluğu əsaslandırmaq üçün bəzi vəzifəli şəxslər ölkə rəhbərliyinin adından sui-istifadə edərək, yerimə gətirilən şəxsin guya "yuxarıların adamı" olduğunu bildirirdilər. Hesab edirəm ki, dövlət rəhbərliyinin adından bu cür istifadə edilməsi yolverilməzdir və araşdırılmalıdır.
Bu məsələ ilə bağlı Prezident Administrasiyasına, SOCAR rəhbərliyinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Təəssüf ki, müraciətlərim obyektiv araşdırılmamış, yalnız işdən çıxma ərizəmi özümün yazdığım əsas gətirilmişdir. Halbuki həmin ərizə mənim sərbəst iradəmin deyil, göstərilən təzyiqin nəticəsi olmuşdur.Hazırda 58 yaşım var. Uzun illər ağır və zərərli əmək şəraitində çalışdığım üçün güzəştli şərtlərlə pensiyaya çıxmağıma cəmi 3 il qalmışdır. Ömrünün 34 ilini dövlətin neft sənayesinə həsr etmiş bir işçinin pensiya ərəfəsində bu cür vəziyyətə salınması mənə və ailəmə ağır maddi və mənəvi zərbə vurmuşdur.
Fərdi pensiya hesabımda uzun illərin əməyi nəticəsində təxminən 120 000 manat pensiya kapitalı formalaşmışdır. Lakin işsiz qalmağım səbəbindən ailəmin maddi vəziyyəti kəskin pisləşmiş, bank qarşısında öhdəliklərimi yerinə yetirməkdə çətinlik çəkirəm.
Bundan əlavə, ailəmdə ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ailə üzvü vardır. Onun müalicəsi və daimi qayğısı ailəmiz üçün böyük maliyyə yükü yaradır. İşsiz qalmağım həmin şəxsin müalicəsinin davam etdirilməsini də ciddi təhlükə altına qoymuşdur.
Hörmətli Mehriban xanım!
Sizin ölkəmizdə sosial müdafiəyə, humanizmə və vətəndaşların problemlərinin həllinə göstərdiyiniz xüsusi diqqəti nəzərə alaraq, son ümid yeri kimi Sizə müraciət edirəm.
Sizdən xahiş edirəm:
-Müraciətimin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasına köməklik göstərəsiniz;
-İşdən çıxarılmağımın qanuniliyinin yoxlanılmasını təmin edəsiniz;
-Mənə qarşı göstərilmiş təzyiq və qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilməsinə dəstək göstərəsiniz;
-Dövlət rəhbərliyinin adından sui-istifadə etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına köməklik göstərəsiniz;
-Pozulmuş əmək hüquqlarımın bərpa olunmasına və əvvəlki iş yerimə qaytarılmağımın təmin edilməsinə dəstək olasınız.
İnanıram ki, müraciətimə həssaslıqla yanaşılacaq, qanunun aliliyi və sosial ədalət prinsipləri rəhbər tutulmaqla pozulmuş hüquqlarımın bərpası üçün lazımi tədbirlər görüləcəkdir.
Əvvəlcədən göstərəcəyiniz diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
İmza: _______
Ad, soyad: Ağayev Zabit Xanverdi oğlu
Ünvan: Masallı rayonu, Əminli kəndi
Telefon: 050 369 72 61
Qeyd: Yuxarıda qeyd olunan problemlə əlaqədar Ağayev Zabit Xanverdi oğlu, həm də başqa dövlət qurumlarına da müraciət etmişdir.
Mirvari Gahramanli

Teref