9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Gündəm / Sosial
Bu gün, 09:53
16
"Biz, "Construction Business Group" şirkətində çalışan işçilər, bildiririk ki, 2026-cı ilin yanvar ayından etibarən əməkhaqlarımız ödənilmir..." Bu sözlər işçilər adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Sözügedən qurumun Naxçıvanda çalışan işçilərinin yazdığı müraciətdə daha sonra deyilir: "Artıq uzun müddətdir ki, işləməyimizə baxmayaraq, əməkhaqlarımızın verilməməsi səbəbindən ciddi maddi çətinliklərlə üz-üzə qalmışıq. İşçilərin ailə, kredit, kirayə və digər gündəlik xərcləri olduğundan əməkhaqlarının vaxtında ödənilməməsi bizim sosial vəziyyətimizə ciddi təsir göstərir.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti şəxslərə müraciət etsək də, problemimiz bu günədək öz həllini tapmamışdır.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik ki, müraciətimizi nəzərə alasınız, "Construction Business Group" şirkətində çalışan işçilərin 2026-cı ilin yanvar ayından bu günədək ödənilməmiş əməkhaqlarının araşdırılmasına və əməkhaqlarımızın ödənilməsi üçün müvafiq tədbirlərin görülməsinə köməklik göstərəsiniz.
Ümid edirik ki, müraciətimiz diqqətdə saxlanılacaq və yaşadığımız problemin ədalətli həlli üçün müvafiq tədbirlər görüləcəkdir..."
Qeyd edək ki, narazılıq yaradan şirkətin rehberi Elmir Babayev Vaqif oğludur.
Naxçıvanda Hacıvar məktəbi, Babək rayon DSMF, Culfa rayon DSMF, Ordubad rayon DSMF, Kəngərli rayon DSMF və Sədərək rayon DSMF kimi qurumlarda işləyən işçilərin əmək haqqı 2026-cı ilin yanvar ayından ödənilmir.(Dia-az)
Məsələ diqqətimizdədir...
