Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
Gündəm / Sosial
Bu gün, 17:46
13
Azərbaycanın təhsil sisteminin daha fərqli idarəetmə modelinə keçəcəyi gözlənilir. Bu əsnada uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edən Məleykə Abbaszadənin bu modelin idarəetmə sisteminin başına gətiriləcəyi deyilir.
Məlumata görə, söhbət yalnız nazir dəyişikliyindən getmir. Məleykə Abbaszadənin bu yeni sistemə rəhbərliyi Azərbaycan təhsil sistemində idarəetmənin yenilənməsi, ayrı-ayrı funksiyaların daha dəqiq bölüşdürülməsi və müasir idarəçilik modelinə keçidlə bağlı planlarla əlaqələndirilir.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda təhsil idarəçiliyində nazirliyin bütün prosesi birbaşa idarə etməsi əvəzinə, müxtəlif funksiyaların ixtisaslaşmış və müəyyən dərəcədə müstəqil qurumlar arasında bölüşdürüldüyünü görünük. Nazirlik isə əsasən dövlət siyasətini və strategiyanı müəyyən edir, qiymətləndirmə, kurikulum, müəllim hazırlığı, məktəb idarəçiliyi və digər istiqamətlər isə ayrı-ayrı strukturlar vasitəsilə həyata keçirilir.
Məleykə Abbaszadənin uzun illər məhz qəbul, qiymətləndirmə və kadr seçimi sisteminin başında dayanması onun mümkün təyinatının bu baxımdan diqqətçəkən tərəfidir.
Dövlət İmtahan Mərkəzi ölkənin kadr potensialının formalaşmasında mühüm rol oynayan qurumlardan biridir. Qəbul imtahanlarından tutmuş müxtəlif dövlət qulluğu və qiymətləndirmə proseslərinə qədər geniş sahədə fəaliyyət göstərən DİM-in idarəçilik modelinin arxasında uzun illər ərzində formalaşmış ciddi institusional təcrübə dayanır.
Məlumatlara görə, məhz bu təcrübənin təhsil sisteminin digər istiqamətlərinə tətbiqi nəzərdə tutula bilər. Başqa sözlə, mümkün təyinatın əsas məqsədlərindən birinin təhsil sistemində idarəetməni daha sistemli, ölçülə bilən və nəticəyönümlü modelə keçirmək olduğu qeyd olunur.
Bu islahatlar reallaşsa nazirliyin yalnız məktəblərin və təhsil müəssisələrinin inzibati idarəçisi kimi deyil, ümumi təhsil siyasətini müəyyən edən və müxtəlif ixtisaslaşmış qurumların fəaliyyətini koordinasiya edən mərkəzi struktur kimi fəaliyyət göstərməsi mümkün ola bilər.
Məleykə Abbaszadənin təhsil sahəsində uzunmüddətli təcrübəsi də bu model üçün əsas arqumentlərdən biri kimi təqdim olunur. Onun qəbul və qiymətləndirmə sistemini uzun illər idarə etməsi, müxtəlif mərhələlərdə ölkənin kadr seçimi mexanizmlərində iştirak etməsi və bu sahədə böyük idarəçilik təcrübəsinə malik olması mümkün namizədliyinin üstün tərəfləri sırasında dayanır.
Digər məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayev başqa vəzifəyə təyin oluna bilər. Əgər belə bir dəyişiklik baş verərsə, bu, sadəcə bir nazirin digəri ilə əvəzlənməsi deyil, Azərbaycan təhsil sistemində təhsil fəlsəfəsinin dəyişdirilməsi ola bilər.
Xüsusilə təhsilin keyfiyyəti, müəllimlərin hazırlığı və qiymətləndirilməsi, məktəblərin idarə olunması, ali məktəblərə qəbul, peşə təhsili və əmək bazarının tələbləri arasında əlaqənin gücləndirilməsi kimi istiqamətlərdə yeni yanaşmaların tətbiqi qacılmazdır.
Qısa olaraq, nazirlik əsas siyasəti müəyyən edir, lakin yerli idarəetmə qurumunun və məktəbin özünün də kifayət qədər səlahiyyəti olur.
Bizimesr.media
