“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Gündəm
Bu gün, 11:22
10
“İmprotex Trucks and Buses” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2024-cü ildə 50 min avro məbləğində vəsaiti bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürüb.
Lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 33,8 min avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“İmprotex Trucks and Buses” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə çıxış edən şirkət nümayəndəsi bildirib ki, “İmprotex Trucks and Buses” MMC-nin köçürülmüş 50 min avro məbləğli avans ödənişinin bəyanı üçün təqdim olunmuş 33,8 min avro və 10 min avro olmaqla, cəmi 43,8 min avro məbləğində iş bəyan edilib və bağlanılıb. Bildirib ki, həmin ödəniş üzrə bəyan olunmayan məbləğ 6 214 avro təşkil edib. Nümayəndə qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
