Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
Gündəm / Sosial
Bu gün, 16:25
18
Bəzi məmurlar var ki, rəhbərlər dəyişir, kabinetlər yenilənir, amma onlar kreslolarını qorumağın yolunu tapırlar.
Dünən prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilən Elçin Yusubov da müxtəlif nazirlərin dövründə karyerasını davam etdirməyi bacaran kadrlardan biri kimi diqqət çəkir.
Fərhad Əliyev, Kərəm Həsənov, Mikayıl Cabbarov… İndi isə Xankəndi sınağı və qarşıda cavabı gözlənilən əsas sual: bu dəfə də onu sudan quru çıxarmaq mümkün olacaqmı və Elçin Yusubov öz karyerasını davam etdirə biləcəkmi?
Mətbuatda yayılan məlumatlara görə, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi vəzifəsindən azad edilən Elçin Yusubovun bölgədəki fəaliyyəti ilə bağlı ciddi narazılıqlar yaranıb. Bəzi media subyektlərinin yaydığı xəbərlərdə sahibkarların çoxsaylı şikayətləri və yoxlamaların nəticələrinin qənaətbəxş olmaması onun vəzifədən getməsinin əsas səbəbləri sırasında göstərilir.
Görünür, Xankəndi Elçin müəllim üçün parlaq karyera yüksəlişinin növbəti pilləsi olmaq əvəzinə, büdrədiyi yerə çevrilib. Başqa sözlə, müxtəlif rəhbərliklər dövründə qoruyub saxladığı mövqeyini bu dəfə bölgədəki fəaliyyətinin yaratdığı suallar qarşısında itirmək təhlükəsi ilə üzləşib.
Fərhad Əliyevdən Mikayıl Cabbarovadək uzanan xətt
Yusubovun karyera tarixçəsi iqtisadiyyat sahəsinə rəhbərlik etmiş bir neçə nüfuzlu şəxsin adı ilə əlaqələndirilir. O, əvvəl Fərhad Əliyevin komandasında yer alan kadrlardan biri kimi tanınıb. Fərhad Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra Kərəm Həsənovun komandasında də fəaliyyətini davam etdirib, daha sonra Mikayıl Cabbarovun sevimlilərindən birinə çevrilib.
Məmurun İqtisadiyyat Nazirliyində fəaliyyətə başlamazdan əvvəl Mərkəzi Univermaqda atasının yanında qızıl alveri ilə məşğul olduğu barədə də məlumatlar dolaşır. Deyilənə görə onu işə götürmək xahişini Fərhad Əliyevdən universitetdən müəllimi olan deputat Səyyad Aran xahiş edib. Yusubov çox tez bir zamanda çevikliyi və bacarığı ilə Fərhad Əliyevin diqqətini cəlb edib və bir müddət sonra Fərhad Əliyevin yaxın ətrafında mövqe tutub. Fərhad Əliyevin həbsindən sonra isə Elçin Yusubovu Kərəm Həsənov öz qanadları altına alıb. Kərəm Həsənovun nüfuz dairəsi daraldıqdan sonra isə Yusubov İqtisadiyyat naziri Mikayıl Cabbarovun komandasında möhkəmlənib və Cabbarovun inanılmış kadrlarından birinə çevrilib. Elçin Yusubov Mikayıl Cabbarov üçün o qədər inanılmış kadr olub ki, hətta nazir Xankəndi kimi strateji bir şəhərin idarəçiliyinə onun namizədliyini irəli sürüb.
Xankəndidə hansı hesablar qarışıb?
Əsl suallar isə Yusubovun xüsusi nümayəndə kimi fəaliyyət göstərdiyi dövrdən başlayır.
Mediada səsləndirilən iddialara görə, Xankəndidə söküntü işləri zamanı çıxarılan tikinti materiallarının, xüsusilə dəmirin satışından əldə olunan vəsaitin büdcədən yayındırılması ilə bağlı şübhələr yaranıb. Biz bu məlumatların nə qədər doğru olub-olmadığını deyə bilmərik, amma ortada belə iddialar var.
Bununla yanaşı, doğma torpaqlarına qayıdan sakinlərin işsizliklə bağlı şikayətləri, ticarət fəaliyyəti üçün Yusubova yaxın şəxslərə və tanışlarına əlverişli imkanlar yaradılması barədə narazılıqlar da gündəmə gətirilir.
Əgər bu iddialar təsdiqini tapsa, məsələ sadəcə bir məmurun vəzifədən çıxarılmasından ibarət olmayacaq. Söhbət azad edilmiş ərazilərdə iqtisadi imkanların kimlərə açılmasından, sahibkarlar arasında bərabər rəqabət şəraitindən və yurduna qayıdan insanların gözləntilərinin nə dərəcədə doğruldulmasından gedir.
Xankəndi kimi işğaldan yeni azad olunan və uzun illlər separatçıların mərkəzi kimi tanınan bir şəhərdə əsas vəzifə şəxsi çevrəyə imkan yaratmaq deyil, yenidən qurulan şəhərdə hamı üçün işlək iqtisadi mühit formalaşdırmaqdır. Elçin Yusubovun adı ətrafında yaranan mübahisələr də məhz bu baxımdan diqqət çəkir. Onun yol verdiyi səhvlər Xankəndi və ətrafının faktiki meri statutusunda olan biri üçün yolverilməz idi və buna görə də ölkə prezidenti tərəfindən vəzifədən alındı.
Mikayıl Cabbarov sevimli kadrını kənarda qoyacaqmı?
Bütün bunlara baxmayaraq, Yusubovun dövlət idarəçiliyindəki karyerasının başa çatdığı qənaətinə gəlmək hələ tezdir. Ola bilsin ki, Xankəndidəki vəzifədən getmək onun üçün son dayanacaq olmayacaq.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Mikayıl Cabbarov özünə yaxın kadrlardan biri hesab etdiyi Elçin Yusubovu işsiz qoymaq niyyətində deyil. İddialara əsasən, çoxqapılı sistemin açarını əlində saxlayan nazir onun üçün mühüm bir vəzifə barədə düşünür.
poliqon.info
