Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...

Gündəm / Təhsil
Bu gün, 09:48 10

Dünən Bakının 225 nömrəli tam orta məktəbində 7-ci sinif şagirdinin ölümü ilə nəticələnən faciə baş verib. İlkin məlumatlara görə, şagird məktəbin dördüncü mərtəbəsinin pəncərəsindən yıxılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, faciənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətirilməsi gözlənilir.

Məktəbdə baş verən hadisəni işıqlandırmaq üçün əraziyə yollanan REAL TV-nin çəkiliş qrupuna qarşı da zorakılıq törədildiyi bildirilir. Mətbuatda yayılan məlumata görə, jurnalistlər hadisə yerində çəkiliş apararkən onlara bir qrup şəxs hücum edib, nəticədə operator xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şübhəsiz ki, şagirdin məktəbdə həyatını itirməsi, jurnalistlərin döyülməsi təhsil müəssisəsində təhlükəsizlik tədbirlərinin necə təşkil edildiyi, təlim-tərbiyə və psixoloji abu-havanın hansı səviyyədə olması ilə bağlı suallar doğurur.

Baş verən iki ciddi hadisə fonunda diqqətlər 225 nömrəli tam orta məktəbin rəhbərliyinə yönəlib. Editor.az xəbər verir ki, məktəbin direktoru vəzifəsini hazırda Aytən Qibləliyeva icra edir.

O, bundan əvvəl 60 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Editor.az