“Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”

Gündəm / Sosial
Bu gün, 13:09 12

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

O, Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizi və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqqı daxilolmaları üzrə formalaşacağının proqnozlaşdırıldığını deyib.

Nazir qeyd edib ki, bu göstərici cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz çoxdur.