Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
Gündəm / Aktual
Bu gün, 12:24
13
Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 08.09.2026-cı ildə işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46.916,8 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Sözügedən qurum “GUE GROUP” MMC ilə 08.09.2026-cı ildə, yəni həmin gün həmdə abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satınalınması üzrə 89.862,31 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Göründüyü kimi Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir gündə “GUE GROUP” MMC ilə ümumi dəyəri 136 778 manat olan iki satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, “GUE GROUP” (VÖEN: 2007303051) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.03.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev.80, m.58, qanuni təmsilçisi kimi isə Qurbanov Üzeyir Qurban oğlu qeyd olunub. MMC-yə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 06.08.2026-cı il göstərilir. Vergi ödəyicisi olaraq “GUE GROUP” MMC hazırda passiv vəziyyətdədir. Maraqlıdır, Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi passiv durumda olan vergi ödəciyicisi ilə bir gündə iki satınalma müqaviləsini hansı əsaslarla bağlayıb? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MMC-nin passiv vəziyyətdə olduğunu gördüyü halda Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlamağa hansı əsaslarla razılıq verib? Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir. Belə olan halda Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyəti dayandırılmış hüquqi şəxslə müqavilə bağlamaqla həm özü qanunları pozmuş, həm də “GUE GROUP” MMC-nin vergidən yayınmasına şərait yaratmış olmurmu? Qeyd edək ki, bu Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dövlət satınalmalarında yol verdiyi ilk qanun pozuntusu deyil. Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi passiv vergi ödəyicisi olan “GUE GROUP” MMC ilə işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 46.916,8 manat dəyərində müqavilə bağlayıb. Qurum işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 77.854 manat dəyərində bir müqavilə “QLOBUS-23” MMC ilə 10.10.2025-ci ildə, 69.396,51 manat dəyərində bir müqavilə “UPSİLON” MMC ilə 24.10.2024-cü ildə, 27.127,02 manat dəyərində bir müqavilə də “TEXNOLOG” MMC ilə 13.07.2022-ci ildə bağlayıb. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bu satınalmalar zamanı “QLOBUS-23” MMC ilə işbirliyinə Aktualinfo hələ bir il əvvəl toxunmuşdu.Xatırlatmaq istərdik ki, Antiinhisar Agentliyi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə keçirdiyi kotirovka sorğusunu 12.08.2025-ci ildə də ləğv edib. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 01.09.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün malmaterialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 9 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır. Qeyd edək ki, 117190 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk beşlikdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir. 1. “QLOBUS23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 6901329331): 77854.00 AZN2. “ASİYA LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1400458441): 89819.00 AZN3. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 54285.55 AZN4. “Stark Group” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 0701532381): 49326.36 AZN5. “AKTİF ELEKTRİK” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1503631791): 59772.31 AZN Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası ən sərfəli qiymətlər təklif etmiş təchizatçılara deyil, “QLOBUS-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtini qalib seçmişdir. Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 10.4.) Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir. Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası elektrik mallarının və işıqlandırma işlәrinin görülmәsi üzrə ixtisaslaşmış, təcrübəli, peşəkar təchizatçıların təklif etdiyi qiymətləri seçməyərək, satınalmalarda təcrübəsi, ixtisas uyğunluğu bəlli olmayan “QLOBUS-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinə üstünlük vermişdir. Bu da satınalmanın təşkili zamanı təklifləri uyğun olmayan təchizatçının sənədlərinin tələblərə uyğunlaşdırılmasını deməyə əsalar verir. Qeyd edək ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O, uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb. Aktualinfo.net
