Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü

Gündəm / Sosial
Bu gün, 17:34 9


Satınalma müsabiqələrində fəal iştirak edən, iri məbləğli dövlət sifarişlərinin qalibi seçilən “TVM İnşaat” MMC-nin vergi borcu 13 milyon manatı ötüb.

Qaynarinfo xəbər verir ki, vergi sistemində hazırda “TVM İnşaat” MMC-nin 13 milyon 647 min 387 manat 74 qəpik borcu olduğu göstərilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TVM İnşaat” MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. Hazırda şirkətin qanuni təmsilçisi Bayramlı Feyzulla Əbülfət oğludur. O, bu ilin noyabr ayından etibarən şirkətə rəhbərlik etməyə başlayıb. Ondan əvvəl bu vəzifəni Ağayev Musa Nizaməddin oğlu icra edib.

“TVM İnşaat” MMC cari ildə Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu ilə satınalma müqavilələri imzalayıb. Dövlət Gömrük Komitəsi ilə bağlanan müqavilə Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisini, Dövlət Sosial Müdafiə Fondu ilə imzalanan müqavilə isə qurumun Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmirini nəzərdə tutur.

Hər iki müqavilənin ümumi maliyyə dəyəri 8 milyon 784 min 140 manat 22 qəpikdir. Bunun 5 milyon 14 min 736 manat 87 qəpiyi DGK ilə, 3 milyon 769 min 403 manat 35 qəpiyi isə DSMF ilə bağlanan müqavilənin payına düşür.

Araşdırmamız zamanı məlum olub ki, “TVM İnşaat” MMC DGK-nin tenderində qalib gələn zaman 5 milyon 473 min 432 manat 75 qəpik vergi borcu olub. Həmin vaxtdan bəri vergi borcu 8 milyon manatdan çox artıb. Bu fakt ciddi suallar doğurur. Əgər həmin borcun vaxtı keçmiş öhdəliklərdən ibarət olduğu təsdiqlənərsə, şirkətin satınalma tələblərinə uyğunluğu məsələsi gündəmə gəlir.

Bu səbəbdən şirkətin tenderdə iştirak etdiyi və qalib elan olunduğu tarixlərdə vergi borcunun hüquqi statusu, eləcə də ona verilmiş arayışın qanunvericiliyin tələblərinə uyğunluğu aydınlaşdırılmalıdır. Dövlət sifarişlərinin icrasını üzərinə götürən şirkətin vergi öhdəliklərinin vəziyyəti isə xüsusilə böyük məbləğli müqavilələr fonunda diqqətdən kənarda qalmamalıdır.

2024-cü il yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinə əsasən, təchizatçının Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır.