Azərbaycan ədaləti dünya xalçasında: Tural Əliyev Bratislava mundialında ölkəmizi ləyaqətlə təmsil edir

İdman
Dünən, 22:30 20


Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 gənclər arasında dünya çempionatı bütün həyəcanı ilə davam edir. İlin en möhtəbər və mühüm idman yarışlarından biri hesab olunan bu çempionatda idmançılarımızla yanaşı, ədalət təmsilçilərimiz də diqqət mərkəzindədir.

Mundialda ölkəmizi beynəlxalq dərəcəli hakimimiz Tural Əliyev və Vüqar Şükürov ləyaqətlə təmsil edirlər. Yarış çərçivəsində öz dəqiq və qərəzsiz qərarları ilə seçilən Tural Əliyev artıq bir neçə prinsipial və gərgin döyüşü uğurla idarə edib.

Məsuliyyətli missiyası və təəssüratları haqqında xüsusi olaraq fikirlərini bölüşən Tural Əliyev bildirib ki, belə bir möhtəbər turnirdə Azərbaycanı təmsil etmək böyük fəxrlə yanaşı, həm də yüksək məsuliyyətdir:

"Dünya çempionatı ilin en möhtəbər yarışlarından biridir və burada Azərbaycanı təmsil etmək həqiqətən də qürurvericidir. Azərbaycan Güləş Federasiyası və Hakimlik Komitəsinin sədri Asif Şirəliyev tərəfindən bu etimadın mənə göstərilməsinə görə şadam. Çalışıram ki, döşək üzərində elə dəqiq və qətiyyətli qərarlar verim ki, onlar heç bir müzakirəyə və şübhəyə səbəb olmasın."

Tural Əliyevin mundialdakı ən diqqətçəkən idarəçiliklərindən biri turnirin həlledici mərhələsinə təsadüf edib. O, yunan-roma güləşi üzrə 130 kq çəki dərəcəsində keçirilən prinsipial final qarşılaşmasını — Rusiya və Macarıstan idmançılarının qızıl medal uğrunda görüşünü yüksək peşəkarlıqla idarə edərək görüşü uğurla yekunlaşdırıb.

Ədalət təmsilçimizin bu uğurlu çıxışı Azərbaycan güləş məktəbinin və hakimliyinin beynəlxalq arenadakı nüfuzunun növbəti göstəricisidir.