Masallıda böyüklərin UŞAQ BAĞÇASI dərdi... - ARAŞDIRMA

Sosial
26-01-2023, 08:34 83
Masallıda böyüklərin UŞAQ BAĞÇASI dərdi... - ARAŞDIRMA


Uşaq Bağçası deyəndə, təkcə buradakı yeyintiləri, uşaq qəbul zamanı və sonrakı məqamlarda alınan “bəxşişləri”, nə bilim “ölü canları” xatırlamayaq (Bunların bir çoxu düz olsa belə). Uşaq bağçalarının, xüsusən 2 qruplu bağçaların isə ilk baxışda görünməyən çoxlu dərdləri də var.

Xatırladaq ki, ölkəmizdə, eləcə də Masallı rayonunda uşaq bağçalarının yaşı heç 100 ilə də çatmır. Eləcə də məktəbəqədər yaşlı uşaqların uşaq bağçalarına cəlb olunmasına görə Masallı hər min nəfər uşağa düşən uşaq yerinə görə, ölkə üzrə axırıncı yerlərdən birini tutur.

(Bu barədə bəzi rəqəmləri yazının sonunda xatırladacağıq). İndi isə bugünkü hədəfimiz - 2 qruplu uşaq bağçaları barədə söz açmaq istəyirik.

Bəlli olduğu ki, uşaq bağçaları 1, 2, 3, 4, 5, 6... hətta 15-20 qruplu olur. Yəni, hər hansı rayonda uşaq bağçalarının sayından daha çox, onların neçə qruplu olması daha çox önəm daşıyır. Məsələn, Masallıdakı 17 dövlət uşaq bağçasının 7-si 2 qrupludur. Həmin 2 qruplu bağçaların hər birinə maksimim 20 uşaq cəlb olunmaqla ən yaxşı halda, o müəssisələrə cəmi 140 uşaq yerləşdirmək mümkündür.

2 qrupu uşaq bağçalarının ən böyük bəlası isə bu təşkilatlarda lazımi kadrlar üçün ştat vahidlərinin olmamasıdır.

Bəs 2 qruplu bağçalarda hansı ştatlar yoxdur?

1. Təsərrüfat müdiri

2. Metodist

3. Mühasib

4. Koputerçi

5 Tərbiyəçi

Haşiyə. Hər Uşaq Bağçasında 9 saatlıq iş saatı olduğu üçün, hər qrup üçün 1, 5 ştat, 2 qrup üçünsə 3 ştat tərbiyəçi lazımdır. 2 qruplu bağçalara isə, ən yaxşı halda 2,1 tərbiyəçi ştatı verilir. İndi sual olunur- 2.30-da 6 saatı bitən tərbiyəçi gedəndən sonra uşaq bağçasındakı uşaqlara hansı tərbiyəçi baxacaq?

Bəziləri deyir ki, bağça müdirinin nahardan sonra nə işi var ki? Həmin vaxtı uşaqlara o baxsın?

İndi isə bu məqama başqa rakursdan yanaşaq. Bağça müdiri az qala 2 gündənbir müxtəlif tədbirlərə, xüsusən də mühasibat sənədləri ilə bağlı təhsil sektorunun mühasibatlığına dəvət olunursa, onlardan “Excel” proqramında sənədlər tələb olunursa, həmin vaxt o qruplarda kimlər tərbiyəçilik edəcək?

Yuxarıda qeyd etdiyimiz kimi bağça müdiri ən azı ayda 10 dəfə rayondakı müvafiq idarələrə çağrılır. Onlar üçünsə heç bir nəqliyyat xərci ayrılmır. Hər gediş-gəliş 5-6 manat tutursa və bu, ay ərzində 50-60 manat edirsə, bu ziyanı kim ödəyəcək?

Uşaq bağçası hər gün valideynlərlə, müvafiq təşkilatlarla telefon əlaqəsi saxlayır. Buna görə kontur xərci ayrılırmı? Yox.

Regional idarələr yaranandan bəzi texniki işlər sahmana düşsə də (odun və yuyucu vasitələrin verilməsi və s.), uşaq bağçasının digər xərclərini – tutaq ki, unitaz xarab olub, əl-üzyuyana su gəlmir, soyuducu xarab olub, elektrik lampaları yanıb... Bunlar hansı vəsaitlə həll olunur? Hələ abunə, filan-filan qeyri-rəsmi xərcləri demirik.

Uşaq bağçasının işçiləri ölkə üzrə ən az əmək haqqı alan əhali qrupuna daxildir. Hələ orta məktəb müəllimini demirəm, ən sıravi polis işçisi bağça tərbiyəçisindən təxminən 2 dəfə çox əmək haqqı alır. Hər-hansı mükafatdan, təltifdən-filandan da söhbət gedə bilməz.

Hansı inkişaf etmiş ölkədə, hətta Belorusiya təki ölkədə kimi inandıra bilərsən ki, uşaqlar bağçaya xüsusi avtobusla yox, piyada gedir. Hər adamın evi bağçanın yanında olmur ki, elə kəndlər var bu başından o başına bir neçə kilometrdir.

1 şəhər, 2 qəsəbəsi, 100 kəndi olan Masallıda şəhərindəki 4 uşaq bağçasını çıxmaq şərti ilə rayonun cəmi 13 qəsəbə və kənddə uşaq bağçası var.

Ən azı son 6 ildə Masallıda heç bir uşaq bağçası üçün yeni qrup almaq mümkün olmayıb.

İnanılmaz da olsa, Heydər Əliyev Fondunun vəsaiti ilə rayonun Səmidxan kəndindəki inşa edilən 100 yerlik uşaq bağçası üçün ştat alına bilinmədiyinə görə, hər cür şəraiti olan həmin bağça 5 ildir ki, istifadəyə verilə bilmir.

Son 4 ildə rayonda yeganə bağça – şəhər 1 saylı bağçı üçün tikilən, 100 yerlik binaya köçən, lakin 2 qrupdan artıq ştat ala bilməyən bağça da eyni taleyi daşıyır.

2021-ci ilin may-iyun aylarında təməli qoyulan, 2022-ci ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulan şəhər 4 saylı və Ərkivan qəsəbəsindəki yeni bağçalar da hələ ki, verilən vəddən 6-7 ay keçməsinə baxmayaraq, qapılarını uşaqların üzünə aça bilmir.

Ən qəribə sual odur ki, birində 6 qrup (4 saylı şəhər) və digərində 2 qrup (1 saylı şəhər) olan uşaq bağçaları (cəmi 110 nəfərlik) 2 müdir ilə 100 nəfərlik bağçada necə fəaliyyət göstərir?

Rayonun Göyçöl kəndində isə 140 yerlik uşaq bacasından cəmi 40 nəfər faydalana bilir. Hansı ki, qonşu Musaküçə, Lürən, Oncəqala, Xıl, Şıxlar ərazi dairələrini əhatə edən kəndlərin heç birində uşaq bağçası yoxdur. Bir mikroavtobus kifayətdir ki, həmin uşaqları yarıdan çoxu otaqlar boş olan Göyçöl kənd uşaq bağçasına aparılsın.

Şəhərin Digah ərazisindən başlayaraq – Banbaşı, Xocavar, Yeyənkənd, Xəlfələr, Köhnə Alvadı, Güllütəpə, Taytan, Yeni Zuvand, Əmir Türbə, Yolağacıan qədər 10-dan artıq kənddə uşaq bağçası yoxdur.

Vaxtı ilə uşaq bağçası fəaliyyət göstərmiş Boradigah qəsəbə, Böyük Xocavar, Yeddioymaq, Qarğalıq, Xıl, Şatıroba, Qızılavar, Musaküçə, Xıl, Təklə kəndləri də hazırda Uşaq Bağçasını indi şirin xatirə kimi yada salır.

Uzun illər gah kolxoz-sovxozların, gah təhsil şöbələrinin, gah icra hakimiyyətlərinin idarəçiliyində olan uşaq bağçaları Regional Təhsil İdarəsinə verilsə də, 1 ildən artıqdır ki, cənubdakı regional təhsil idarəsi 100-ə yaxın uşaq bağçasına, 300-dən artıq tərbiyəçinin çalışdığı məkanda onlara metodiki məsləhət verən bir metodist tapa bilmir. Sanki, Uşaq Bağçaları təhsil sistemində arabanın "5-ci təkəridir"

Amma rəsmi və qeyri rəsmi qadağalar, yoxlamalar, bürokratik əngəllər (məsələn bir texniki işçinin işdən azad olunması və yeni təyinat ən azı 1 ay çəkir). “Qida” gedir, “kuri” gəlir, “fövqəladə” gedir, “yanğından mühafizə” gəlir.

350-400 manat əmək haqqı alan bağça işçilərini 600-1000, bəzən isə 5-7 min manat cərimə edirlər, güclə, cərimə üçün əsas yaratmaqdan ötrü, süni şəkildə nöqsan “düzəldirlər”.

Nə isə. Deyiləsi söz çoxdur. Hələlik, bura qədər də bəs edər. Çünki, demək, “düşmən” qazanmaq bizə qalır. “Dəyirman” öz işindədir. Uşaq bağçalarının “kitabın” oxuyan yoxdur.

Çıxış yolu nədədir? Sabiq başçı bağçanın təməli qoyulanda bir, 1-ci mərtəbə götürüləndə 1, 2-ci mərtəbə başa çatanda orada bir şəkil çəkdirir. Amma şəhərin mərkəzində təzə bağça “pletka” ilə qızdırılır.

Cenub.az. Zahir Əmənov